serurlu isfend 900x552 1

Bakının Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində park ərazisinin genişləndirilməsi nəzərdə tutulan sahədə yaşayış binalarının tikilməsi sakinlərin narazılığına səbəb olub. Sakinlər iddia edirlər ki, ərazidə tikinti aparılacağı təqdirdə minlərlə ağac məhv ediləcək, onsuz da sıx məskunlaşmış ərazidə ekoloji vəziyyət və insanların yaşayış şəraiti daha da pisləşəcək.

Globalinfo.az-a müraciət edən Əlövsət Talışxanlı bildirib ki, sözügedən ərazinin park kimi saxlanılması nəzərdə tutulub və sakinlər tikinti planına etiraz edirlər:

“2018-ci ildə evimizin yaxınlığında kiçik bir park salınıb. Həmin vaxt Prezident İlham Əliyev Mehriban xanımla ərazini ziyarət edən zaman parkın kiçik olduğunu və Şuşa məktəbinə qədər genişləndirilməli olduğunu bildirib. Bakı şəhərinin baş planında da həmin ərazi park kimi nəzərdə tutulub. Bundan başqa, məktəbin ərazisində 3 minə yaxın yaşıl ağac var. Bura, əslində, təbii parkdır”.

Ə.Talışxanlının sözlərinə görə, iş adamı kimi tanınan İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) illərdir bu ərazidə tikinti aparmağa çalışır:

“Vaxtilə də parkı salan zaman həmin sahədə evlərin tikilməsi ilə bağlı mübahisələr yaşanıb. Keçmiş icra başçısı tikintiyə icazə vermirdi. İndi isə illər sonra yenidən əraziyə müdaxilə edilir: 10-15 ədəd doqquzmərtəbəli binanın tikilməsi planlaşdırılır. Bu, həm ekoloji baxımdan, həm də sakinlərin rahatlığı baxımından ciddi problemdir. Ərazi onsuz da həddindən artıq yüklənib. Burada nəfəs almaq belə çətindir. Tikinti aparılacağı təqdirdə minlərlə ağacın məhv ediləcəyindən narahatıq. Üstəlik, illərlə tikinti səs-küyü ilə üzləşməli olacağıq. Biz Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Bakı Şəhər İcra Hakimiyyətinə və Yasamal Rayon İcra Hakimiyyətinə müraciətlər göndərmişik. 40-50 sakinin imzası ilə də məktub ünvanlamışıq”.

Şikayətçi qeyd edib ki, başqa vaxt bir ağac kəsilən zaman insanlar cərimə olunursa, İsfəndiyar Axundova bu şamil edilmir:

“İsfəndiyar Şərurlu 3 minə yaxın ağacı məhv edib, ətrafı “kor” edəcək. Bu şəxsə dur deyən yoxdur! İndi isə bildirirlər ki, həmin ərazidə park salınacaq. Biz buna qəti etiraz edirik. Bizim etirazımızdan sonra indi İsfəndiyar Axundov deyir ki, guya orada park tikdirəcək. Məqsədi odur ki, əvvəl parkın bir hissəsi genişləndirilsin, sonra isə digər hissəsində yaşayış binaları tikilsin. Yolun digər tərəfində 24-25 ev tikir, hamısı iç-içə, orada normal insan yaşamaz, çox biabırçı vəziyyətdir. İndi də bura hücum edir. Görünür, kiməsə güvənir. Özbaşına gəlir, yarımçıq olan məktəbdə otaqları dağıdır, insanların evlərini nömrələyir. Bunun hansı əsasla edildiyini bilmirik. Buna kim bu ixtiyarı verib axı?! Bu adam dəmir yumruğu hələ hiss etməyib! Yayda orada tərpənmək mümkün deyil. Bizim məqsədimiz yaşıllığın qorunması, parkın saxlanılması və ərazidə əlavə tikintiyə yol verilməməsidir”.

Əlövsət Talışxanlı əlavə edib ki, bu, təkcə onların deyil, hamımızın problemidir:

“Bizdən sonra burada övladlarımız, nəvələrimiz yaşayacaq. Təbiətə belə yanaşmaq olmaz! Ulu Öndər Heydər Əliyev deyirdi ki, yaşıllığa əl uzadan, balalarımıza əl uzadır. Hər kəs Heydər Əliyevin yaşıllığa olan münasibətini gözəl bilir. Lakin 3 sinif bitirən Şərurlu İsfəndiyar heç nəyi dinləmir. Heç bir qanuna hörmət etmir. Bakını onsuz da avtomobillər və sıx tikililər boğur. Şəhəri daha da yükləmək yox, yaşıllıq sahələrini qorumaq lazımdır. Əgər insanları düşünürsə, işğaldan azad olunmuş Qarabağımızda cavanlar üçün müəssisələr tiksin, yeni iş yerləri yaratsın. Biz aidiyyəti qurumlardan məsələyə müdaxilə etmələrini və ərazidə tikinti aparılmasının qarşısını almaq üçün tədbir görmələrini xahiş edirik”.

İddialarla bağlı “Globalinfo”ya danışan İsfəndiyar Axundov deyib ki, sözügedən məlumat əsassızdır:

“Mən ağac kəsənəm? Bunlar yalan söhbətdir”.

Leyla Əlisoy
Globalinfo.az

Paylaş: