“Növbəti ilin dövlət büdcəsində icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi 17,1 faiz təşkil edəcək. Bu, cari illə müqayisədə 1,7 faiz bəndi daha azdır. Ortamüddətli dövrdə, yəni 2029-cu ilə bu göstəricinin 13 faizə, 2030-cu ilə isə 12 faizə salınması əsas hədəflərimizdəndir”.
Globalinfo.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov deyib.
“İcmal büdcədə qeyri-neft gəlirlərinin payı cari illə müqayisədə 1,5 faiz bəndi çox olmaqla, 64,5 faizə çatacaq ki, bu, neftdən asılılığın azalmasının əsas göstəricilərindəndir. Ortamüddətli dövrün sonuna isə bu göstəricinin 70,4 faizə çatdırılması nəzərdə tutulur”, – deyə o bildirib.
Nazir müavini qeyd edib ki, növbəti ilin büdcəsi investisiya yönümlülüyü ilə də fərqlənir:
“Belə ki, dövlət büdcəsində əsaslı xərclərin xüsusi çəkisi 32,5 faizə çatacaq ki, bu da region ölkələrini xeyli qabaqlayır. Həmçinin, sevindirici haldır ki, növbəti ildə bütün rayonlarımız öz gəlirləri hesabına öz xərclərini tam qarşılayacaq, beləliklə ilk dəfə olaraq dotasiyadan asılı hər hansısa bir rayonumuz qalmayacaq. Naxçıvan Muxtar Respublikasının isə öz gəlirlərinin daha da artması növbəti ildə Muxtar Respublikaya veriləcək dotasiyanın 6,4 faiz azalmasına imkan yaradır”.
Safura Bənnayeva
Globalinfo.az