tatul hakobyan n334666 1

Türkiyə nazirlər səviyyəsində Ermənistanla sərhədin yalnız Azərbaycanla sülh sazişindən sonra açılacağını bəyan etdi.

Globalinfo.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Tatul Akopyan qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan növbəti dəfə Türkiyə-Ermənistan sərhədinin daha bir müddət bağlı qalmasına nail oldu:

“Türkiyə-Ermənistan sərhədinin sülhdən əvvəl açılması Bakı üçün o qədər qəbuledilməzdir ki, Azərbaycan hətta Vaşinqtonda razılaşmasından da geri çəkilə bilər”.

Akopyan bildirib ki, Ermənistanın konstitusiya ilə bağlı düzəlişləri davamlı təxirə salması Azərbaycanda “vaxtı uzatmaq” kimi qəbul edilə bilər.

“Sonda elə bir vəziyyət yaranacaq ki, Ermənistan Vaşinqtonda paraflanmış sənədə qayıtmağı arzulayacaq, lakin həmin vaxta qədər Azərbaycan masaya Ermənistan üçün daha ağır şərtləri nəzərdə tutan yeni saziş qoyacaq. Təbii, bu mənim ehtimalımdır”, – deyə Akopyan vurğulayıb.

Qeyd edək ki, Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddialarını ehtiva edən müddəalar var. Rəsmi Bakı haqlı olaraq bu iddiaların aradan qaldırılmasını tələb edir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: