serxan keremoglu 1

Aktyor və müğənni Sərxan Kərəmoğlunun sağlığında özü üçün qəbir hazırlatması və həmin görüntüləri sosial şəbəkədə paylaşması müzakirələrə səbəb olub. Bəzi insanlar bunu ölümə hazırlıq və fanilik barədə düşüncələrin ifadəsi kimi qiymətləndirsə də, məsələnin dini tərəfi də maraq doğurur.

Globalinfo.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, ümumiyyətlə, hər bir insan öz axirətini, aqibətini düşünməli, qəbirdəki hesabı fikirləşməlidir:

“Amma əsas məsələ insanın özünü qəbir evinə hazırlamasıdır. Bu baxımdan gərək insan əzalarını, düşüncələrini kirlətməsin. Yəni insanlığın qədrini, qiymətini, dəyərini bilsin, ona müvafiq yaşasın. Elə bir nümunə yoxdur ki, hansısa peyğəmbər özünə qəbir qazdırsın, yaxud əvvəlcədən başdaşı qoysun, üzərinə, doğum tarixini yazsın və ya ölüm tarixini yazmasın”.

aga hacibeyli ilahiyyatci 2

Ağa Hacıbəyli

A.Hacıbəyli qeyd edib ki, islam dininin insana verdiyi mənəvi dəyərin əsas məqsədi insanı həyat eşqi ilə doldurmaqdır:

“Yəni bu dünyada insanlara xeyirxahlıq etməyi, yaxşı işlər görməyi, belə deyək, Allaha gözəl qulluq etməyi, ibadətdən tutmuş digər müsbət əməllərə qədər hər şeyi tövsiyə edir. İkincisi, insanın əvvəlcədən torpaq alması da böyük bir problem deyil və yaxud özünə məzar qazdırması da böyük bir sıxıntı deyil. Amma başdaşı qoymağa, üstündə yazılar yazılmasına heç bir qaynaq müsbət baxmır. Bu baxımdan, ifadə etdiyim kimi, əgər insanlar ölümə, axirət həyatına hazırlaşırsa, daha çox mənəvi tərəfdən onlara verilən ömrün içini doldurmağa çalışsınlar. Nəinki qəbrin üstünə daş və ya büst qoymağa. Yəni insanı ən müqəddəs məkanda da dəfn etsəniz, əgər o, Allahın razılığını qazanmadan, çirkli həyat yaşayaraq köçübsə, dəfn olunduğu torpağı da, məzarı üzərinə ucaldılan büstü də ləkələyəcək. Amma dünyanın ən saleh insanının üzərinə heç böyük, təmtəraqlı bir şey qoymasalar da, o dəyərlidir, olduğu torpağı da dəyərli edir, axirəti də dəyərli olacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: