İran Qətər vasitəsilə ABŞ-a nüvə proqramı ilə bağlı yeni təklif göndərib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yüksəkvəzifəli iranlı rəsmiyə istinadən məlumat yayıb.
“Lakin Tehran təklifin müzakirəsinə yalnız Vaşinqtonun İranın irəli sürdüyü yeddi şərti yerinə yetirəcəyindən sonra başlanacağını bildirir.
ABŞ hazırda İranın təklifini nəzərdən keçirir. Bununla belə, rəsmi şəxs sənədin detalları barədə əlavə məlumat verməyib”, – deyə qeyd olunub.
İranın Ali Milli Təhlükəsizlik Şurasının rəsmisi Möhsün Rzai daha əvvəl Rusiyaya səfəri zamanı Tehranın diplomatik danışıqlarla bağlı yeddi şərt irəli sürdüyünü açıqlayıb.
O bildirib ki, həmin şərtlər yerinə yetirilməyənədək İran nə Hörmüz boğazını açacaq, nə də ABŞ ilə danışıqlara başlayacaq.
Tehranın tələbləri arasında ABŞ sanksiyalarının ləğvi, dondurulmuş İran aktivlərinin azad edilməsi və müharibə ilə bağlı təzminatların ödənilməsi də yer alır.
Vaşinqton isə nüvə məsələlərinin ABŞ-İran arasında istənilən ilkin danışıqların əsas mövzularından biri olmasında israr edir.
Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hücumlarından sonra regionda hərbi qarşıdurma genişlənib. Qətər isə Vaşinqtonla Tehran arasında vasitəçilik səylərini davam etdirir.
Əliyar Xəlil
Globalinfo.az