dd

“Gələn il Azərbaycanda bir sıra müavinət ödənişlərinin həcmi əhəmiyyətli dərəcədə artacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O qeyd edib ki, dəfn müavinətləri ödənişlərinin işləməyən şəxslər də dünyasını dəyişəndə ödənilməsi məqsədə uyğun olardı:

“Mövcud qaydalara əsasən, dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan, sığortaolunan şəxslər və əmək pensiyaçıları  vəfat etdikdə dəfn pulu ödənilir. Amma işləməyən şəxs dünyasını dəyişən zaman onun ailəsinin bu dəstəyə ehtiyacı daha çox olur. Ona görə də, həmin ailələrə bu hallarda müavinətin ödənilməsi arzuolunandır. 2025-ci ildə Azərbaycanda dünyasını dəyişənlərin ümumi sayı 33 806 nəfər olub. Onların 62,6 faizi isə 65 və yuxarı yaşda olub, deməli əksəriyyəti pensiyaçı olublar. Göründüyü kimi, bu əlavə ciddi izafi xərc yaratmayacaq”.

Deputat bildirib ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərcləri  bu il üçün nəzərdə tutulan 90 milyon 980 min manatdan gələn il 94 milyon 750 min manata çatdırılır:

“Bu artım ödənişlərdəki ümumi artım ilə bağlıdır yoxsa bank xərclərində artımlar proqnozlaşdırırsınız? İşsizlikdən sığorta fondunun xərcləri 319.2 milyon manat olacaq. Onun cəmi 36 milyon manatı işsizliyə görə sığorta ödənişləridir.  Yəni 11.5 faizi işsizliyə görə sığorta ödənişidir. Əgər fondun xərclərinin hər 100 manatdan cəmi 11 manatı onun adında qeyd edilən işsizlikdən sığorta üçün istifadə edilirsə ya fondun xərclərin strukturunun yenidən təhlilinə, ya da fondun adının dəyişdirilməsi məqsədəuyğundur.

Göründüyü kimi, fondun vəsaitlərin əhəmiyyətli hissəsi işsizliyə görə sığorta ödənişlərindən kənar istiqamətlərə yönəldiləcək. Aktiv sosial proqramlara daha çox vəsait yönəltdiyini nəzərə alaraq fondun adının dəyişdirilməsi, “Məşğulluq və işsizlikdən sığorta fondu” adlandırılması onun fəaliyyət istiqamətlərinə və eləcə də fəlsəfəsinə daha uyğun olardı”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: