nikollll

“Noyabrın 3-ü parlamentdə hökumətə və Ermənistan Baş naziri Nikol Paşinyana ayrılacaq 2027-ci il büdcəsi müzakirə olunurdu. Məlumdur ki, 2026-cı ilin dövlət büdcəsinə əsasən, “Hökumət Bağlarının Təsərrüfatı” Dövlət Qeyri-Kommersiya Təşkilatına ayrılan maliyyə vəsaiti 621 milyon 340 min 100 dram təşkil edib. 2023-cü ildə bu məbləğ daha az, təxminən 542 milyon dram, 2024-cü ildə isə artıq 603 milyon dram olub. 2026-cı ildə isə 2025-ci illə müqayisədə 18 milyon dram artıb. Yəni baş nazirin və onun ailəsinin saxlanmasına dövlətin çəkdiyi xərclər durmadan artır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Bildirilib ki, hökumət bağlarında yaşayan şəxslərin təminatına gündəlik 1,7 milyon dramdan çox, yaxud təxminən 5 min dollar xərclənir:

“Bu vəsait dörd yüksək vəzifəli şəxsin və onların ailələrinin ehtiyacları üçün sərf olunur: Nikol Paşinyan, Ararat Mirzoyan, Ruben Rubinyan və Suren Papikyan. Bu məbləğə Kondakı iqamətgahların və ərazinin mühafizəsi, kommunal xərclər, təhlükəsizlik və texniki xidmət üçün nəzərdə tutulan vəsaitlər daxildir.

Lakin məlum olur ki, bu ailələrin bütün xərcləri də dövlət hesabına qarşılanır. Buraya ərzaqdan, tualet kağızından və məişət əşyalarından tutmuş baş nazirin qızlarının manikür xərclərinə qədər hər şey daxildir.

Daha əvvəl yazmışdıq ki, Paşinyanın ailəsinin qadın üzvlərinin xidmətlərindən istifadə etdiyi konkret bir gözəllik salonu var. “Hökumət Bağları” Dövlət Qeyri-Kommersiya Təşkilatı həmin salona pul köçürür. Sonradan hökumət aparatı da sorğumuza yazılı cavab verərək bu məlumatı təsdiqləmişdi. Bildirilmişdi ki, ayın sonunda baş nazir öz əməkhaqqından müəyyən məbləği təşkilatın hesabına köçürür və həmin vəsait hesabına da bu ödənişlər həyata keçirilir. Bu da qanun pozuntusudur. Dövlət baş nazirə və digər vəzifəli şəxslərə kifayət qədər yüksək əməkhaqqı ödəyir ki, onlar şəxsi ehtiyaclarını öz ciblərindən birbaşa qarşılaya bilsinlər, dövlət vəsaiti ilə şəxsi pullarını bir-birinə qarışdırmasınlar”.

Nəşr sözügedən gözəllik salonunun xidmətlərinin neçəyə başa gəldiyini də öyrənib:

“Söhbət Paşinyanın ailə üzvlərinin xidmət aldığı salondan gedir. Göstərilən salona zəng etdik və öyrəndik ki, bu salon İrəvanda ən bahalı xidmətlər təklif edən məkanlardan biridir. Gellak ilə manikürün qiyməti 13 min dramdan (təxminən 61 manat), KART qulluq proseduru ilə pedikürün qiyməti isə 20 min dramdan (təxminən 94 manat) başlayır. Xidmətlər VIP otaqda göstərilir. Həmin otaqda xidmət almaq üçün ən azı iki gün əvvəl zəng edərək yer bron etmək lazımdır.

Əgər Paşinyanın üç qızı və həyat yoldaşı ay ərzində bu xidmətlərdən iki-üç dəfə istifadə edirlərsə, yalnız bu ailənin qadın üzvlərinin manikür və pedikür xərclərinin cəmiyyətin üzərinə nə qədər yük qoyduğunu özünüz hesablaya bilərsiniz. Təxmini hesablamalara görə, bu məbləğ 1000 dollara (1700 manat) yaxın təşkil edir”.

Günay Rəsulqızı
Globalinfo.az 

Paylaş: