69dc9a9a18f7169dc9a9a18f72177606517869dc9a9a18f6f69dc9a9a18f70

Bərdədə bir neçə şəxsi şərikli ticarət fəaliyyəti qurmaq vədi ilə aldadaraq külli miqdarda pul vəsaiti ələ keçirməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Globalinfo.az Qaynarinfo-ya istinadla xəbər verir ki, iş materiallarına görə, təqsirləndirilən şəxs ilk zərərçəkənlə birgə biznes qurmaq adı altında əlaqə yaradıb. Ondan müxtəlif vaxtlarda 38 min manat nağd pul, eləcə də 19 min 647 və 24 min 918 manatlıq kredit vəsaitləri alıb. Beləliklə, həmin şəxsin ümumi zərəri 82 min 565 manat təşkil edib.

Digər zərərçəkən isə eyni vədlərlə aldadılıb. Ondan 34 min və 16 min manat pul alınıb. Bundan başqa, zərərçəkənin avtomobilinin satışından əldə edilən 67 min manat da təqsirləndirilən şəxsə verilib. Bu epizod üzrə zərər 117 min manat olub.

İş üzrə daha bir epizod şirkətlə bağlıdır. Təqsirləndirilən şəxs tərəfindən həmin şirkətdən 10 min 704 ədəd “Hell” enerji içkisi götürülüb, lakin məhsulun 7 min 614 manatlıq dəyəri ödənilməyib.

Beləliklə, iş materiallarında göstərilən üç epizod üzrə zərərin ümumi məbləği 207 min 179 manatdır.

Təqsirləndirilən şəxs isə məhkəmədə bildirib ki, zərərçəkənlərlə münasibətləri həqiqi şərikli biznes fəaliyyəti əsasında qurulub, lakin işlər uğursuz alınıb. Məhkəmə zərərçəkənlərin və şahidlərin ifadələrini, eləcə də digər sübutları qiymətləndirərək bu izahatı qəbul etməyib.

Təqsirləndirilən şəxs 2020-ci ildə də Cinayət Məcəlləsinin 179.2.3 (Mənimsəmə və ya israf etmə – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.4-cü (Mənimsəmə və ya israf etmə – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə məhkum edilib, cəzasını 2023-cü ildə başa vurub.

Məhkəmə hazırkı iş üzrə onu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə təqsirli bilib. Cəza təyin edilərkən azyaşlı övladının olması, zərərçəkənlərlə barışması və müsbət xarakterizə olunması yüngülləşdirici hallar kimi nəzərə alınıb. Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Paylaş: