globe map 1100x733 1

31 oktyabrda Fransa və Almaniyada genişmiqyaslı etiraz aksiyaları keçirilib. Fransada məktəblilər, tələbələr, həmkarlar ittifaqları və müxtəlif ictimai qruplar sosial problemlərə, yaşayış xərclərinin artmasına və hökumətin siyasətinə etiraz ediblər. Almaniyada isə gənclər təhsil, bahalaşma, iqlim problemləri və məcburi hərbi xidmətin mümkün qaytarılmasına qarşı küçələrə çıxıblar.

Bu etirazlar Avropada yeni narazılıq dalğasına çevrilə bilərmi? Aksiyaların davam etməsi və daha da genişlənməsi nə dərəcədə realdır?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, Fransada Makron hakimiyyəti dövründə yığılıb qalan problemlər artıq etirazlar şəklində özünü göstərir:

“Bu etirazların Avropanın digər ölkələrinə də yayılması mümkündür. Çünki son vaxtlar Avropa ölkələri sosial xərcləri müəyyən qədər azaldırlar. Hərbi təhlükəsizliklə bağlı məsələlər hökumətləri bu sahəyə daha çox vəsait ayırmağa məcbur edir. Bu isə sosial sahəyə ayrılan resursların azalmasına və narazılıqların artmasına səbəb ola bilər.

IMG 20241229 WA0069 e1744273965867

Əli Mustafayev

Digər tərəfdən, etirazların arxasında müəyyən siyasi qrupların maraqlarının olması ehtimalı da istisna edilmir. Hazırda Avropada hakimiyyətdə olan qlobalist qüvvələrlə Prezident Donald Tramp və Avropadakı sağçı siyasi qüvvələr arasında müəyyən rəqabət və siyasi mübarizə mövcuddur. Bu qarşıdurmanın da baş verən proseslərə təsir etdiyini düşünürəm”.

Politoloq deyib ki, bu proseslər Avropada yeni siyasi vəziyyət formalaşdırır:

“Gələn il Fransada prezident seçkiləri keçiriləcək, Almaniyada isə növbəti parlament seçkilərinə hələ vaxt var. Bununla belə, Almaniyanın daxilində də müəyyən narazılıqlar mövcuddur. Mənə elə gəlir ki, zaman keçdikcə gərginlik azalacaq, tərəflər müəyyən kompromisə gələcəklər. Lakin bütün bunlara baxmayaraq, Avropanın siyasi mənzərəsi dəyişməkdədir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: