Bəzi vətəndaşlar bank kreditlərini ödəməkdə çətinlik çəkirlər. Buna səbəb maaşın azalması, iş yükünün aşağı düşməsi və ya digər maddi problemlər ola bilər. Əvvəlki gəlirlərinə güvənərək kredit götürən şəxslər sonradan ödənişləri etməkdə çətinliklə üzləşirlər. Belə vəziyyətdə bəziləri banklara müraciət edərək aylıq ödənişlərin azaldılmasını və ya kreditin müəyyən müddətə dondurulmasını istəyirlər. Ancaq banklar bu cür müraciətləri hər zaman qəbul etmirlər.
Bəs gəliri azalan və kredit borcunu ödəyə bilməyən vətəndaşlar nə edə bilərlər? Bankdan kredit ödənişlərinin azaldılmasını yaxud müəyyən müddətə dayandırılmasını istəmək mümkündürmü? Bank imtina edərsə, vətəndaş hansı quruma müraciət etməlidir?
Globalinfo.az-a danışan iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynova deyib ki, sağlamlıq və digər zəruri ehtiyaclarla bağlı hallar istisna olmaqla, kredit götürmək tövsiyə edilmir:
“Şəxsin əlavə gəlir mənbəyi yoxdursa, yalnız əməkhaqqına güvənərək uzunmüddətli və böyük məbləğdə kredit götürürsə, bu, kifayət qədər yüksək risk yaradır. Kreditə müraciət edərkən vətəndaşın ən azı altı aylıq xərclərini qarşılaya biləcək qədər yığımı olmalıdır. Bu, xüsusilə gözlənilməz maliyyə çətinlikləri yarandıqda kredit ödənişlərinin davam etdirilməsi baxımından vacibdir”.
Günay Hüseynova
İqtisadçı bildirib ki, kredit borcunun ödənilməməsi və ya gecikdirilməsi vətəndaşla yanaşı banklar üçün də risk yaradır:
“Belə hallar bankların likvidliyinə, depozit öhdəliklərinin yerinə yetirilməsinə, riskli kreditlərin artmasına və hətta işçilərin əməkhaqlarının ödənilməsinə təsir göstərə bilər. Bank kredit verməkdən imtina etdikdə vətəndaşlar bəzən çıxış yolunu sələmçilərə, lombardlara və ya bank olmayan kredit təşkilatlarına (BOKT) müraciət etməkdə görürlər. Bu isə onların maliyyə yükünü daha da ağırlaşdırır.
Gəliri azalan və ya kredit borcunu ödəməkdə çətinlik çəkən vətəndaşlara gəlincə, bankla razılaşma əsasında kreditin müddətini uzatmaq və aylıq ödəniş məbləğini azaltmaq mümkündür. Lakin bu məsələlər bankların daxili qaydalarına uyğun tənzimlənir. Müraciətin qəbul edilməsi və ya rədd olunması bankın qərarından asılıdır. Kredit ödənişlərinin müəyyən müddətə dayandırılması isə demək olar ki, mümkün olmur. Bank müraciəti təmin etmədikdə vətəndaş məsələnin məhkəmə qaydasında həllinə çalışmalıdır. Lakin məhkəmənin hansı tərəfin xeyrinə qərar verəcəyini əvvəlcədən söyləmək mümkünsüzdür. Qərar işin hallarından və təqdim olunan sübutlardan asılı olacaq”.
Ləman İmran
Globalinfo.az