
BMT Baş Assambleyasının prezidenti Xəlilur Rəhman Kuba xarici işlər naziri Bruno Rodriges Parrilla ilə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Vals arasında yaranan mübahisəyə görə plenar iclasa bir neçə dəqiqəlik fasilə verib.
Globalinfo.az xəbər verir ki, hadisə ABŞ-nin Kubaya qarşı embarqonun ləğvini nəzərdə tutan qətnamə layihəsinin müzakirəsi zamanı baş verib.
Valsın çıxışı zamanı Rodriges Parrilla yerindən qalxaraq ABŞ nümayəndəsinin dayandığı kürsüyə yaxınlaşıb. Bundan sonra Vals iclasın prosedur qaydalarının pozulduğunu bildirərək Baş Assambleyanın sədrindən ona söz verməsini tələb edib.
“Bu adam kürsüdən uzaqlaşmalıdır. O, məni ABŞ-də təhdid etməyə çalışır. Mən ABŞ-nin nümayəndəsiyəm. Uzaqlaş”, – deyə Vals bildirib.
Daha sonra Kuba xarici işlər naziri nümayəndə heyətinin masasının yanına qayıdıb və ona çıxış üçün söz verilib.
“ABŞ nümayəndəsinin nizam-intizama çağırılmasını tələb edirəm. O, nəinki açıq şəkildə yalan danışır, həm də bu forumun və üzv dövlətlərin ləyaqətini alçaldır. Kuba xalqının və hökumətinin ləyaqətinə hörmətsizlik edir. Cənab Vals yenə yalan danışır. Ona gələcək fəaliyyətində başqa vəzifələrdə daha uğurlu olmasını arzulayıram”, – deyə Rodriges Parrilla bildirib.
Qeyd edək ki, ABŞ hökumətinin Kubaya qarşı uzun illərdir tətbiq etdiyi ticarət, iqtisadi və maliyyə embarqosunun ləğvini tələb edən qətnamə layihəsi üzrə səsvermə oktyabrın 28-də BMT Baş Assambleyasının sessiyasında keçiriləcək.
Əliyar Xəlil,