1793084247 368d79864b760e60ab24f393953571d2

Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın müharibədən sülhə keçid təcrübəsinə, münaqişələrin həlli və davamlı sülhün qurulması istiqamətində əldə etdiyi nəticələrə diqqət çəkib. Dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın yalnız öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş dövlət kimi deyil, həm də münaqişələrin həlli, müharibədən sonrakı dövrdə sülhün təmin olunması və yeni reallıqların formalaşdırılması baxımından dünya üçün nümunəvi model ortaya qoyan ölkə kimi mövqeyini ön plana çıxarıb.

Dövlət başçısının çıxışında beynəlxalq təşkilatların, xüsusilə Birləşmiş Millətlər Təşkilatının (BMT) və onun Təhlükəsizlik Şurasının münaqişələrin qarşısının alınması, beynəlxalq hüququn təmin edilməsi və uzun illər davam edən münaqişələrin həlli istiqamətindəki fəaliyyəti də xüsusi kontekstdə nəzərdən keçirilib. Azərbaycanın onilliklər ərzində üzləşdiyi işğal, beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasız qalması, eləcə də ölkəmizə qarşı nümayiş etdirilən ikili standartlar beynəlxalq sistemin mövcud problemlərini bir daha gündəmə gətirib.

Globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, dünyanın ən böyük və universal təşkilatı olan BMT 24 oktyabr 1945-ci ildə, İkinci Dünya müharibəsindən sonrakı dövrdə beynəlxalq sülhü qorumaq və gələcək müharibələrin qarşısını almaq məqsədilə yaradılıb:

“Nizamnamənin əsas prinsipləri dövlətlərin suveren bərabərliyi, mübahisələrin dinc yolla həlli və beynəlxalq münasibətlərdə gücdən istifadənin məhdudlaşdırılmasıdır. Bu gün təşkilatın fəaliyyətini iki istiqamətdə qiymətləndirmək lazımdır.

Bir tərəfdən, BMT diplomatik danışıqlar üçün universal platformadır, humanitar yardımların əlaqələndirilməsində, qaçqınların müdafiəsində, səhiyyə, təhsil və dayanıqlı inkişaf sahələrində mühüm rol oynayır.

Digər tərəfdən, Ukrayna, Yaxın Şərq və digər regionlarda davam edən münaqişələr göstərir ki, təşkilat bütün hallarda müharibələrin qarşısını almaq və münaqişə tərəflərini qəbul edilmiş qərarlara əməl etməyə məcbur etmək imkanına malik deyildir.

Zənnimizcə, əsas problem BMT-nin məqsədlərində deyil, həmin məqsədləri həyata keçirmək üçün mövcud siyasi iradənin və icra mexanizmlərinin məhdudluğundadır. Xüsusilə Təhlükəsizlik Şurasının daimi üzvləri arasında geosiyasi maraqların bir çox hallarda üst-üstə düşməməsi kollektiv qərarların qəbulunu çətinləşdirir.

Obyektivlik naminə onu da qeyd edək ki, BMT-nin beynəlxalq sülh və təhlükəsizlik məsələlərinə təsir imkanları tamamilə aradan qalxmayıb, lakin müxtəlif sahələr üzrə fərqlənir. Buna görə də BMT-ni nə bütün problemləri həll edə bilən qurum, nə də təsirsiz təşkilat kimi təqdim etmək düzgün olardı. Onun real imkanları ilə üzv dövlətlərin siyasi maraqları arasındakı fərq nəzərə alınmalıdır”.

Deputat bildirib ki, BMT Nizamnaməsinin 27-ci maddəsinə əsasən, Təhlükəsizlik Şurasının əsas məsələlər üzrə qərarlarının qəbuluna daimi üzvlərin veto hüququ mane ola bilər:

“Bu hüquq ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniyaya məxsusdur. Veto mexanizmi 1945-ci ildə böyük dövlətlərin yeni beynəlxalq təhlükəsizlik sistemində iştirakını təmin etmək məqsədilə yaradılmışdı. Həqiqət isə ondan ibarətdir ki, bugünkü geosiyasi reallıqlar həmin mexanizmin effektivliyi barədə ciddi suallar doğurur.

Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icra olunmaması yuxarıda qeyd etdiyimiz problemləri tam çılpağlığı ilə üzə çıxardı. Bu məsələ Azərbaycanın BMT çərçivəsindəki diplomatik təcrübəsinin ən mühüm nümunələrindən biridir.

1993-cü ildə Təhlükəsizlik Şurası Azərbaycan ərazilərindəki münaqişə ilə bağlı dörd qətnamə qəbul edib:

  1. 822 saylı qətnamə — 30 aprel 1993-cü il;
  2. 853 saylı qətnamə — 29 iyul 1993-cü il;
  3. 874 saylı qətnamə — 14 oktyabr 1993-cü il;
  4. 884 saylı qətnamə — 12 noyabr 1993-cü il.

elman nesirov yeni 3 900x600 1
İlham Əliyev

Bu qətnamələrdə hərbi əməliyyatların dayandırılması, Ermənistan hərbi qüvvələrinin işğal ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi əks olunmuşdu. Onu da xüsusi olaraq qeyd edək ki, BMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən BMT TŞ-nın qəbul etdiyi qətnamələrin icrası icbaridir.

Reallıq isə ondan ibarətdir ki, qətnamələr qəbul edilsə də, onlar icra olunmadı.. Bu təcrübə beynəlxalq sistemdə üç əsas problemi üzə çıxardı.

Birincisi, icra mexanizmlərinin məhdudluğu. Beynəlxalq səviyyədə qəbul edilmiş qərarların mövcudluğu öz-özlüyündə onların yerinə yetirilməsinə zəmanət vermir.

İkincisi, siyasi iradədən asılılıq. Böyük dövlətlərin və beynəlxalq aktorların razılaşdırılmış mövqeyi olmadıqda, hüquqi tələblərin prinsipial olaraq yerinə yetirilməsi mümkünsüz olur.

Üçüncüsü, qətnamələrin uzun müddət icra edilməməsi. Bu, cəmiyyətlərdə beynəlxalq hüququn hamıya eyni şəkildə tətbiq olunub-olunmaması barədə suallar yaradır.

Azərbaycanın üzləşdiyi reallıqda əsas dərs budur: beynəlxalq hüququn effektivliyi yalnız hüquqi sənədlərin qəbulundan deyil, onların icrasının təmin edilməsindən asılıdır.

Eyni zamanda, hüquqi təhlildə qətnamələrin konkret müddəalarını, onların ünvanlandığı tərəfləri və hüquqi qüvvəsini ayrıca nəzərə almaq vacibdir.

Azərbaycan 2 mart 1992-ci ildə BMT-yə üzv qəbul edilib. Bu hadisə müstəqil dövlətimizin beynəlxalq münasibətlərin universal sisteminə qoşulması baxımından tarixi əhəmiyyət daşıyır”.

E.Nəsirov vurğulayıb ki, BMT Azərbaycanın dövlətçiliyinin beynəlxalq səviyyədə möhkəmlənməsi, xarici siyasətinin təqdim edilməsi və çoxtərəfli diplomatiyasının inkişafı üçün mühüm platforma olub:

“Beləliklə, BMT-nin 81 illik fəaliyyəti göstərir ki, beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq üçün universal təşkilata ehtiyac bu gün də qalır. Lakin müasir dünyanın reallıqları BMT-nin fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsini zəruri edir. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı 1993-cü ildə qəbul edilmiş qətnamələrin uzun müddət icra olunmaması beynəlxalq hüququn tətbiqində mövcud çətinlikləri açıq şəkildə göstərdi. Buna görə də gələcəyin BMT-si yalnız qərarlar qəbul edən deyil, həmin qərarların icrasına daha təsirli töhfə verən, bütün dövlətlərə eyni hüquqi prinsiplərlə yanaşan və müasir dünyanın çağırışlarına cavab verən təşkilat olmalıdır. Beynəlxalq sülhün davamlı təminatı gücün hüquq üzərində deyil, hüququn güc üzərində üstünlüyünün möhkəmlənməsindən keçir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: