17930813125144360097 1200x630

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında səsləndirdiyi fikirlər bir çox baxımdan diqqət çəkir. Lakin ölkə başçısının qeyd etdiyi bir məqam, hesab edirəm ki, son illərdə üzləşdiyimiz riskləri bir daha aktuallaşdırır.

Prezident qeyd edib ki, Azərbaycanın hər hansı daxili riskləri yoxdur, bütün potensial risklər hüdudlarımızın kənarından gəlir.

Dövlət başçısı bildirib: “İdeoloji risklər isə fiziki risklər qədər təhlükəlidir. Buna görə biz hər zaman ayıq-sayıq olmalıyıq, özünəməxsusluğumuzun, dövlətçiliyimizin, müstəqilliyimizin və həyat tərzimizin qorunmasına çox sadiq olmalıyıq”.

Həqiqətən də, bu gün Azərbaycana bir neçə xarici ölkədən potensial ideoloji risklər gəlir.

Birincisi, Azərbaycana qarşı əsas ideoloji təhdidlərdən biri hər zaman cənubdan gəlib. İranın “şiə hilalı” çərçivəsində qonşu ölkələrə və regionlara ixrac etdiyi dini-radikal ideologiya bir çox hallarda ölkəmizdə ciddi təhdidlər və risklər yaradıb. Əslində, buna bir çox nümunə göstərmək olar. Lakin hesab edirəm ki, vahid məktəbli geyimi ilə bağlı tətbiq edilən qaydalara etiraz edən vətəndaşların təşkilatlandırılması, onların narahatlıq və həssaslıqlarının İrandan ixrac edilmiş dini ideologiyadan qaynaqlanan hadisələr kimi təqdim edilməsinə cəhd göstərilməsi diqqətəlayiqdir. Hətta bəzi valideynlərin dinc etirazları məktəblərə hücum, radikal şüarlar və kütləvi itaətsizliyə cəhd kimi hallarla müşayiət edilib.

Şübhəsiz, bu, daxili sosial sifariş deyil, xaricdən gələn təlimatların — Tehranın yanaşmasının təzahürüdür. İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərrafın Azərbaycanda vahid məktəbli geyiminin tətbiqinə qarşı çıxması və təhsil hüququndan məhrum olduqlarını iddia edən qızlara “azad təhsil mühiti” yarada biləcəklərini bəyan etməsi, “İran universitetləri azərbaycanlı qızları qəbul etməyə hazırdır”, deməsi qeyd etdiklərimi təsdiqləyir.

İşin ən pis tərəfi odur ki, ölkədə illərdir İranın təsir qruplarına, funksionerlərinə və ideoloji dayaqlarına qarşı əməliyyatlar keçirilsə, qabaqlayıcı tədbirlər görülsə də, bu hüceyrə təşkilatların zaman-zaman yenidən ortaya çıxdığını görmək mümkündür.

İkincisi, ölkəmizə digər xarici ideoloji təsir şimal qonşumuz Rusiyadan gəlir. Xüsusilə Rusiyanın Şimali Qafqaz regionundakı Dağıstandan radikal sələfi-vəhhabi, müəyyən mənada isə ləzgi separatçı ideologiyası ixrac edilir. Ümumiyyətlə, “Sadval”, “Meşə qardaşları” kimi təşkilatlar vasitəsilə yaradılmağa çalışılan təhdidlər və ixrac edilməyə cəhd göstərilən ideoloji zəhər son illərdə bir daha özünü göstərib. Lakin Dövlət Təhlükəsizliyi Xidmətinin ardıcıl əməliyyatları nəticəsində bu təhlükələr böyümədən sıradan çıxarılır.

Üçüncüsü və məncə, ən təəssüf doğuranı son zamanlar Türkiyə üzərindən ölkəmizə qarşı aparılan ideoloji təxribatlardır. Nursçu-fətullahçı ideologiya və bu ideologiyanın hazırki davamçısı kimi çıxış edən, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nəzərindəki siyasi islamçılar ölkəmizə qarşı ardıcıl təxribatlar törədirlər.

Müttəfiq və dost ölkədən belə ideoloji risklərin ixrac oluna biləcəyini nəzərə alsaq, ölkə başçısının “bütün potensial risklər hüdudlarımızın kənarından gəlir” sözləri xüsusi məna kəsb edir.

turan rzayev 1 900x720 1 1
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: