namaz

Türkiyəli mərhum ilahiyyatçı Yaşar Nuri Öztürk namazda qəza olmadığını bildirib. O, Qurani-Kərimdə namazın qəza edilməsinə dair heç bir hökmün olmadığını və bilərəkdən buraxılan namazların sonradan qəza olaraq qılınmasının dində yer almadığını müdafiə edir.

Onun sağlığında səsləndirdiyi fikirlər sosial şəbəkələrdə yenidən müzakirələrə səbəb olub. Doğrudanmı, namazda qəza yoxdur?

Globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev bildirib ki, namaz qılmaq Allahın əmridir və hər bir müsəlmana vacibdir:

“Namazın vacib olması Qurani-Kərimin ayələri, Allah Rəsulunun (s) hədisləri və Əhli-beyt imamlarının mübarək kəlamları ilə sabitdir. Hər bir müsəlman namazı vaxtında qılmalı, zərurət olmadığı halda qəza etməməyə çalışmalıdır. Amma heç bir halda namazı qılmaq mümkün deyildirsə, bu zaman qəza etmək zərurəti ortaya çıxır. Qəza yaranan borc deməkdir. Təbii ki, Allahın bizim heç bir ibadət və itaətimizə ehtiyacı yoxdur. Ehtiyaclı olan biz aciz bəndələrik”.

İlahiyyatçı bildirib ki, vacibləri yerinə yetirə bilmədiyimiz halda onların qəzasını yerinə yetirmək bizə vacibdir:

“Allah Rəsulu (s) bir hədisi-şərifində belə buyurur: “Kim bir namazı unudarsa, xatırladığı zaman onu qılsın. Onun bundan başqa kəffarəsi yoxdur”.

İmam Baqirdən (ə) dəstəmazsız namaz qılan, namazını unudan və ya yatıb namazı ötürən şəxs haqqında soruşurlar. İmam (ə) buyurur: “Onu xatırladığı zaman, gecənin və ya gündüzün hansı saatında olursa-olsun, qəzasını qılsın”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: