“Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarın Azərbaycana səfəri və Prezident İlham Əliyevin onu qəbul etməsi iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir”.
Bu sözləri Globalinfo.az-a politoloq Ramiyə Məmmədova deyib.
Politoloq bildirib ki, bu, təkcə diplomatik səfər deyil, yeni mərhələnin başlanğıcıdır:
“Hindistan 30 illik münaqişə dövründə Ermənistana dəstək olub. Bu, təbii ki, iki ölkə arasında ziddiyyətlər yaradıb. Rəsmi Bakı Hindistanın münaqişə yaşadığı Pakistanla strateji əməkdaşlıq edir. Buna görə Dehlidə ölkəmizə münasibət neqativdir. İndi isə Hindistanın Baş naziri Narendra Modinin tapşırığı ilə xarici işlər naziri Azərbaycana gəlib.

Ramiyə Məmmədova
Rəsmi Dehli Bakı və İrəvan arasında sülh prosesinin getdiyini yaxşı bilir. Buna görə də ölkəmizə və regiona baxışı dəyişib. Ümumiyyətlə, Hindistan böyük iqtisadiyyata malik ölkədir. Yəni bu ölkə faktiki olaraq yeni bazarlar və regionlara çıxış imkanları axtarır. Azərbaycan isə Hindistanın çox ehtiyac duyduğu enerji resurslarına malikdir. Bundan başqa, Bakı son illərdə logistika imkanlarını da artırıb. Hesab edirəm ki, bu baxımdan iki ölkə arasında ciddi əməkdaşlıq perspektivləri var.
Azərbaycan bu gün böyük güclər arasında özünə yer tutur. Hindistan da böyük ölkədir və Bakıya marağı artıb. Azərbaycanla əməkdaşlıq həm ölkəmizə, həm də Hindistana mühüm dividendlər qazandıracaq”.
Turan Rzayev
Globalinfo.az