qarabag 3 900x506 1

“Oktyabr ayında işğaldan azad olunan dörd rayonumuzun şəhər günləri qeyd olunur. Üç gün əvvəl Zəngilanda keçirilən şəhər günü iki gün sonra Qubadlıda qeyd olunacaq. Zəfərdən sonra işğaldan azad olunan ərazilərimizdə iqtisadiyyatın formalaşması və reinteqrasiyası prosesi intensiv şəkildə davam etdirilir”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Vüqar Bayramov deyib.

“Böyük qayıdışa dair birinci Dövlət Proqramı çərçivəsində uzun müddət işğal altında qalan və tamamilə dağıdılan ərazilərimiz yenidən bərpa olunur, keçmiş məcburi köçkünlərimiz doğma yurdlarına təhlükəsiz şəkildə qayıdırlar. İndiyədək bərpa və yenidənqurma prosesinə dövlət büdcəsindən 26 milyard manata yaxın vəsait ayrılıb. Azərbaycan bərpa və yenidənqurma prosesini öz daxili maliyyə imkanları hesabına həyata keçirib”, – deyə o qeyd edib.

V.Bayramov bildirib ki, son illər həm Qarabağ, həm Şərqi Zəngəzur iqtisadiyyatında ciddi irəliləyişlər qeydə alınıb:

“Səfərdən sonra Qarabağın iqtisadiyyatı dörd dəfə böyüyüb. Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 2020-ci ildə 1 milyard 548 milyon manat isə, indi bu rəqəm 6 milyard manata çatıb. Qarabağ iqtisadi rayonuna yalnız işğaldan azad olunmuş ərazilərimiz daxil deyil, amma işğaldan azad olunmuş ərazilərimizin bərpası, yenidən qurulması və iqtisadiyyatın inkişafı birbaşa bu iqtisadi rayonumuzda məhsul istehsalına təsir göstərir. Belə ki, 2025-ci ildə yalnız Ağdam rayonunda sənaye məhsullarının dəyəri 1 milyard 2 milyon manat olub. Bu da əvvəlki ilə müqayisədə 17,4 dəfə çox deməkdir.

Kənd təsərrüftında isə iki dəfə artım qeydə alınıb. Qarabağda istifadə edilən müxtəlif sənaye və qeyri-sənaye məhsulları Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan və Rusiya daxil olmaqla daha geniş coğrafiyanı əhatə edib. Prezidentin rəhbərliyi ilə Qarabağ iqtisadiyyatının reinteqrasiyası prosesi daha da sürətlənib və zəfərdən keçən qısa müddətdə biz, xüsusilə də Qarabağda bərpa-yenidənqurma prosesi çərçivəsində inşaat sektorunda 10 dəfədən çox artım qeydə alınıb.

İki gün sonra şəhər günü qeyd edəcəyimiz Qubadlı rayonunda da iqtisadiyyatın inkişafı ciddi şəkildə sürətlənib. Zəfərdən sonra Şərqi Zəngəzurun iqtisadiyyatı 30 dəfədən çox böyüyərək 4 milyard manata çatıb. 2020-ci ildə sözügedən iqtisadi rayonumuzda cəmi 134 milyon manatlıq məhsul istehsal olunursa, bu rəqəm artıq 4 milyard manatı keçib. Bütün bunlar Azərbaycanın iqtisadi gücünü göstərir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: