ABŞ Yaxın Şərq ölkələrindəki hərbi və diplomatik heyətini tədricən təxliyə edir.
Globalinfo.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
“Son günlər ABŞ hərbçiləri Yaxın Şərqdəki hərbi bazalarda iştiraklarını nəzərəçarpacaq şəkildə azaldırlar. Eyni zamanda, ABŞ Dövlət Departamenti regiondakı bir sıra diplomatik nümayəndəliklərdə çalışan əməkdaşların sayının daha da azaldılması ilə bağlı göstərişlər verir.
Heyətin sayının azaldılması fevral ayında İranla münaqişənin başlanğıcında yaranmış vəziyyəti xatırladır. Bu tədbirlər regionda davam edən təhdidlər, o cümlədən Tehrandan qaynaqlanan təhlükələr səbəbindən həyata keçirilir”, – deyə bildirilib.
Məlumata görə, xüsusilə, qoşunların yenidən yerləşdirilməsi İordaniyada dislokasiya olunmuş ABŞ hərbi kontingentinə təsir edib:
“Dəyişikliklər Qətər və Küveytdəki hərbi bazaları da əhatə edib”,
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi Timoti Hokins təhlükəsizlik səbəbindən qoşunların yerdəyişməsi ilə bağlı sualları şərh etməkdən imtina edib.
Bununla belə, o qeyd edib ki, bu cür yerdəyişmələr hərbi əməliyyatlara hazırlıq səviyyəsini optimallaşdırmaq məqsədilə mütəmadi olaraq həyata keçirilir.
Əliyar Xəlil
Globalinfo.az