
Albaniyanın paytaxtı Tiranada hökumət əleyhinə keçirilən etirazlar zamanı polis əməkdaşına “Molotov kokteyli” atılıb. Nəticədə onun forması alovlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.
Hadisə yerindən yayılan görüntülərdə polis əməkdaşının formasını bürüyən alovu söndürməyə çalışdığı, daha sonra isə su gölməçəsinə yıxıldığı görünür. Onun səhhəti ilə bağlı hələlik məlumat açıqlanmayıb.
Məlumata görə, Tiranada etirazçılar polis əməkdaşlarına daş, pirotexniki vasitələr və içərisində yandırıcı maddə olan şüşələr atırlar. Hüquq-mühafizə orqanları isə nümayişçilərə qarşı gözyaşardıcı qazdan, su şırnaqlarından və rezin güllələrdən istifadə edir.
Bir gün əvvəl etirazçılar polis bölmələrindən birini yandırıblar. Albaniya polisinin rəisi Şkender Hitanın sözlərinə görə, baş verən hücumlar nəticəsində 10 polis əməkdaşı xəsarət alıb.
Kütləvi etirazlara korrupsiya, işsizlik və təhsil sistemindəki problemlərlə bağlı narazılıqlar səbəb olub. Nümayişçilər 2013-cü ildən ölkəyə rəhbərlik edən Baş nazir Edi Ramanın istefasını istəyirlər.
Etirazların əsas səbəblərindən biri də Albaniyanın sahil zonasında dəbdəbəli istirahət mərkəzinin tikintisi layihəsidir. ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin də iştirak etdiyi layihə ictimai narazılığı daha da artırıb.
Əliyar Xəlil
Globalinfo.az