Azərbaycana gələn xarici turistlər restoranlarda onlara təqdim edilən hesabların menyuda göstərilən qiymətlərdən dəfələrlə baha olması ilə üzləşirlər. Xəzər TV-nin məlumatına görə, son belə hadisələrdən biri “Atəşgah” restoranında baş verib. Turist iddia edir ki, hesab qəbzində sifariş etdiyi yeməklərin qiyməti menyuda göstəriləndən iki dəfə artıq qeyd olunub.
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, konfliktli hadisələrlə bağlı şikayətlər olduqda və pozuntular təsdiqini tapdıqda, ciddi cəza və cərimə mexanizmləri tətbiq edilməlidir:
“Mən ümumilikdə biznesin həddindən artıq cərimələnməsinin əleyhinəyəm. Amma faktlar təsdiqlənərsə, həmin biznes obyektlərinə qarşı ciddi cəza tədbirləri görülməlidir ki, digərlərinə də dərs olsun. Çünki bu cür hadisələr turizmin inkişafına mane olur”.
Vəkil Ramil Süleymanov isə bildirib ki, bu, çox utancverici məsələdir:
“Nəticə etibarilə vətəndaşların, ümumiyyətlə, xidmət sahələrinin bu şəkildə davranışı qətiyyən yolverilməzdir. Bu, həm turistlərin ölkəmizdən getməsinə səbəb olacaq, həm də millət, dövlət olaraq imicimizə çox ciddi zərər vuracaq. Bu gün belə informasiyaların əldə olunması, süni intellekt vasitəsilə tapılması və eləcə də bu informasiyaların tərcüməsinin oxunması diqqətdən qaçmamalıdır”.
Vəkil bildirib ki, Azərbaycan Konstitusiyasının 25-ci maddəsinə görə, qanun və məhkəmə qarşısında hər kəs bərabərdir:
“Eləcə də kimsəni milli və ya dini mənsubiyyətinə görə fərqləndirmək birmənalı şəkildə yolverilməzdir. Əcnəbi turistlərin bu şəkildə haqsızlığa məruz qalması və aldadılması ilə bağlı etdikləri şikayət dərhal icraata qəbul edilməli, həmin şəxslərin barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinin pozulmasına görə müvafiq tədbirlər görülməlidir. Bu halda fiziki şəxslər 300 manatdan 500 manata qədər, vəzifəli şəxslər 1000 manatdan 2000 manata qədər, hüquqi şəxslər isə 4000 manatdan 6000 manata qədər miqdarda cərimə oluna bilərlər. Xidmət sektorunda çalışan şəxslərə belə aldatma hallarından uzaq durmaları tövsiyə olunur”.
Zaira Akifqızı
Globalinfo.az