Ünvanlı dövlət sosial yardımı alan şəxslərin pulsuz hüquqi yardıma çıxışının təmin edilməsi təklif olunur.
Globalinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu günki iclasında müzakirəyə çıxarılıb. Bu məqsədlə “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Təklif “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi ilə əlaqədar qanunvericiliyin uyğunlaşdırılması çərçivəsində hazırlanıb.
Layihənin əsas məqsədlərindən biri maddi imkanları məhdud olan və hüquqi xidmətlərin haqqını ödəməkdə çətinlik çəkən şəxslərin hüquqi müdafiə imkanlarını artırmaqdır. Pulsuz hüquqi yardım mexanizmi vasitəsilə bu kateqoriyaya aid şəxslərin hüquqi məsələlərlə bağlı məlumatlandırılması, sənədlərin hazırlanması və zəruri hallarda məhkəmə və digər dövlət orqanlarında təmsil olunması imkanlarının yaradılması nəzərdə tutulur.
Dəyişikliklərin qəbul edilməsi sosial müdafiə mexanizmləri ilə hüquqi müdafiə imkanlarının daha sıx əlaqələndirilməsinə imkan verə bilər.