Azərbaycanda işləyən qadınlara hamiləlik və doğuşla bağlı ödənişli məzuniyyət və sosial sığorta əsasında müavinət verilir. Lakin evdar qadınlar əmək fəaliyyəti ilə məşğul olmadıqları üçün belə ödənişlərindən yararlana bilmirlər.
Bu kateqoriyadan olan qadınlar üçün ayrıca dövlət dəstəyinin nəzərdə tutulması mümkündürmü?
Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, hazırda Azərbaycanda uşağın doğulmasına görə ailəyə birdəfəlik müavinət ödənilir:
“Əkiz uşaqlar doğulduqda isə bu ödəniş hər uşaq üçün ayrıca, yəni ikiqat məbləğdə verilir. Bu baxımdan, uşağın doğulmasına görə müavinət almaq hüququ həm işləyən, həm də evdar qadınlara şamil olunur. Hazırkı qaydalara görə bu məbləğ 600 manatdır. Sadəcə, işləyən qadınların əlavə olaraq ödənişli məzuniyyət hüququ var. Evdar qadın isə işləmədiyi üçün məzuniyyət hüququ əldə edə bilmir. Çünki məzuniyyət iş münasibətləri çərçivəsində işdən ayrılmanı nəzərdə tutur”.
Elçin Rəşidov
İqtisadçı bildirib ki, evdar qadınlara işləyən qadınlara müəyyən mənada yaxınlaşmaq üçün əlavə ödənişlərin verilməsi isə ayrıca məsələdir:
“Belə bir ödəniş mexanizminin tətbiqi mümkündür. Lakin ümumilikdə evdar qadınlar da digər qadınlar kimi sırf uşağın doğulmasına görə eyni məbləğdə birdəfəlik müavinət alırlar. Əvvəllər belə bir ödəniş yox idi, sonradan bununla bağlı qərar qəbul edilib”.
Qeyd edək ki, Azərbaycanda işləyən qadınlara hamiləliyə və doğuma görə müavinət orta gündəlik qazancın 100 faizi əsasında hesablanır. Hamiləliyə və doğuma görə məzuniyyət başa çatdıqdan sonra uşağın üç yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyət də nəzərdə tutulur. Bu müddətdə uşağın bir yaş yarımınadək qulluğuna görə aylıq 44 manat, bir yaş yarımdan üç yaşadək isə aylıq 28 manat müavinət ödənilir.
Ləman İmran
Globalinfo.az