“Nyu York Tayms” (NYT) yazıb ki, Vaşinqton Yəməndəki “Ənsarullah” (husilər) hərəkatından gələn təhlükənin artması barədə Səudiyyə Ərəbistanını əvvəlcədən xəbərdar edib.Nəşrin məlumatına görə, ABŞ hərbçiləri və kəşfiyyat xidmətləri bir neçə ay ərzində Ər-Riyadı husilər tərəfindən artan təhlükə barədə məlumatlandırıb. Bununla yanaşı, Ağ Ev ABŞ-ın husilərin mövqelərinə hava zərbələri endirməyəcəyini də bildirib.
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Yəməndə husilərin mövqelərini möhkəmləndirməsi fonunda ABŞ-İran müharibəsində bu məsələ ciddi problem olaraq qalır:
“Eyni zamanda, husilərin Səudiyyə Ərəbistanına qarşı yaratdığı təhlükəsizlik riski Vaşinqtonu da narahat edən əsas məsələlərdən birinə çevrilir. Lakin Səudiyyə Ərəbistanı bu istiqamətdə indiyədək ciddi və effektiv tədbirlər görə bilməyib.
Ümumilikdə, Ədən şəhərində yerləşən və Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələrinin husilərlə mübarizədə üstünlük əldə etməsi gözlənilirdi. Lakin proseslər daha dərin böhrana doğru gedir. Bir tərəfdən husilər mövqelərini gücləndirir, digər tərəfdən isə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri ölkədə nəzarəti tam şəkildə təmin edə bilmir. Əgər husilər Səudiyyə Ərəbistanına hücumlarını genişləndirsələr, bu, vəziyyəti daha da mürəkkəbləşdirə və regional təhlükəsizlik böhranını dərinləşdirə bilər.
ABŞ isə hazırkı mərhələdə prosesə birbaşa müdaxilə etməkdə maraqlı görünmür. Bu baxımdan Səudiyyə Ərəbistanı kifayət qədər çətin vəziyyətlə üz-üzədir. İranın da husilər vasitəsilə burada proksi müharibəsi apardığı və vəziyyətin Yaxın Şərqdəki ümumi gərginliyi daha da artırdığı görünür.

Məhəmməd Əsədullazadə
Hesab edirəm ki, bu mərhələdə husilərlə siyasi dialoqun aparılması vacibdir. Çünki bu qruplaşma uzun illərdir Yəməndə ciddi sosial və siyasi dayaqlara malikdir və ölkənin siyasi reallığının mühüm hissəsidir. Onları hərbi yolla tamamilə məğlub etmək olduqca çətindir. Hətta müəyyən ərazilərdən çıxarılsalar belə, Yəmənin digər bölgələrində fəaliyyətlərini davam etdirə bilərlər.
Bu səbəbdən Səudiyyə Ərəbistanı reallıqla barışmalı və husilərlə müəyyən siyasi kompromis əldə etməyə çalışmalıdır. Əks halda, onlar uzun müddət Səudiyyə Ərəbistanının təhlükəsizliyi üçün ciddi təhdid olaraq qalacaqlar. Münaqişənin hərbi yolla həlli əvəzinə, Yəməndə tərəflər arasında siyasi razılaşmanın əldə olunması həm ölkənin, həm də regionun təhlükəsizliyi baxımından daha məqsədəuyğun görünür”.
Turan Rzayev
Globalinfo.az