Ötən gün mediada yayılan xəbər müzakirə obyekti olub. Qeyd edilib ki, arvadını evdən çıxmağa qoymayan kişilər cərimələnəcək. Belə ki, Azərbaycanda həyat yoldaşını evdən çölə çıxmağa qoymamaq, onu qəsdən sosial mühitdən təcrid etmək və davranışını zorla idarə etmək məişət zəminində psixi zorakılıq hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, məişət zəminində psixi zorakılıq törədilməsinə görə 300 manatdan 500 manatadək cərimə nəzərdə tutulur.
Maraqlıdır, həyat yoldaşını evdən çıxmağa qoymamaq, dostları və ailəsi ilə ünsiyyətinə mane olmaq hansı hallarda psixi zorakılıq sayılır? Belə davranışa görə şəxs hansı məsuliyyətə cəlb oluna bilər? 300-500 manatlıq cərimə hansı hallarda tətbiq edilir?
Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, qanuna əsasən, məişət zorakılığının formalarından biri də psixi zorakılıqdır:
“Bu, şəxsin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaratmasına yönəlmiş hərəkətlərdir. Psixi zorakılıq yalnız təhqir və söyüşlə məhdudlaşmır. Şəxsin qorxu və təzyiq altında saxlanılması, sosial əlaqələrinin qəsdən məhdudlaşdırılması, yaxınları ilə münasibətlərinə müdaxilə edilməsi, davranışlarının zorakı nəzarət altında saxlanılması da konkret hallardan asılı olaraq psixi zorakılıq əlaməti yaradır. Məsələn, həyat yoldaşının davamlı olaraq evdən çıxmasına, valideynləri və dostları ilə görüşməsinə, işləməsinə, təhsil almasına mane olmaq, telefonuna nəzarət etmək, onu hədələmək və qorxu yaratmaq sadə ailə mübahisəsindən fərqlənir. Lakin hər ailə mübahisəsini avtomatik olaraq psixi zorakılıq kimi qiymətləndirmək də olmaz. Bunun üçün əməlin məqsədi, xarakteri, təkrar olub-olmaması və şəxsin hüquqlarına təsiri araşdırılmalıdır”.
Ellada Bayramova
Hüquqşünas bildirib ki, Konstitusiyamızın 28-ci maddəsi hər kəsin azadlıq hüququnu, 32-ci maddəsi isə şəxsi və ailə həyatının toxunulmazlığını təmin edir:
“Nikah faktı ər-arvaddan birinə digərinin azadlığını məhdudlaşdırmaq hüququ vermir. Həyat yoldaşının qapını açmasına fiziki mane olmaq, onu otaqda saxlamaq, qapını bağlamaq, açarı gizlətmək, fiziki qüvvə tətbiq etmək yaxud zor tətbiqi ilə hədələmək isə artıq yalnız ailədaxili fikir ayrılığı kimi dəyərləndirilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsində məişət zəminində psixi zorakılığa görə 300 manatdan 500 manatadək cərimə nəzərdə tutulur. Burada əsas məsələ şəxsin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya onun üçün dözülməz psixi şərait yaratmasıdır. Əməl cinayət məsuliyyəti yaratdığı halda isə həmin inzibati norma tətbiq edilmir. Psixi zorakılıq təkrar törədildikdə məsuliyyət də ağırlaşır. İnzibati tənbeh tətbiq edilmiş şəxs eyni əməli bir il ərzində təkrar törədərsə, 500-700 manat cərimə, 60-100 saat ictimai işlər və ya 15 günədək inzibati həbs tətbiq oluna bilər”.
E.Bayramova qeyd edib ki, məişət zorakılığı ilə bağlı məsələ yalnız cərimədən ibarət deyil:
“Qanun zərərçəkmiş şəxsin qorunması üçün qısamüddətli və uzunmüddətli mühafizə orderlərinin verilməsini də nəzərdə tutur. Məqsəd yalnız törədilmiş zorakılığa görə məsuliyyət müəyyən etmək yox, həm də onun təkrarlanmasının qarşısını almaqdır. Konstitusiyanın 34-cü maddəsinə əsasən, nikah könüllü razılıq əsasında bağlanır və ər-arvadın hüquqları bərabərdir. Bu baxımdan ailə münasibəti tərəflərdən birinə digərinin azadlığını məhdudlaşdırmaq, onun həyatına zorakı nəzarət etmək hüququ vermir”.
Ləman İmran
Globalinfo.az