Azərbaycanın İstanbulda yerləşən konsulluğunun qarşısında “hicab qadağasına etiraz” adı ilə aksiya təşkil olunub. Eyni məkanda buna bənzər etiraz aksiyası 2011-ci ildə də keçirilmişdi. Aradan 15 il keçdikdən sonra konsulluq qarşısında yenidən İranla əlaqələndirilən mesajların gündəmə gəlməsi diqqət çəkir.
İddialara görə, Azərbaycana qarşı səsləndirilən bəzi İran mənşəli tezislər Türkiyədə də müxtəlif qruplar tərəfindən gündəmə gətirilir.
Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, bu hadisəni qiymətləndirərkən “İran izi var” hökmünü siyasi ehtimal kimi qiymətləndirmək lazımdır:
“15 il əvvəlki aksiya ilə bugünkü aksiyanın eyni məkanda keçirilməsi isə diqqətçəkən məqamdır. Bu, müəyyən siyasi paralel yaradır. Xüsusilə də aksiyada səsləndirilən tezislər İranın Azərbaycana münasibətdə uzun illər istifadə etdiyi “dini dəyərlərə münasibət” mövzusundakı təbliğat xətti ilə üst-üstə düşürsə, burada İranın ideoloji və ya informasiya təsirinin olub-olmadığı ciddi şəkildə araşdırılmalıdır.
Bunun üçün təşkilatçılarla İran strukturları arasındakı əlaqələr, maliyyələşmə, çağırışların mənbəyi, istifadə olunan şüarlar və aksiyaya kimlərin yön verdiyi barədə konkret faktlar lazımdır”.
Ekspert qeyd edib ki, İranın Azərbaycana qarşı dini faktordan siyasi alət kimi istifadə etməsi yeni məsələ deyil:
“Tehran üçün Azərbaycanla bağlı din, məzhəb və sosial həssaslıqlar üzərindən ictimai rəyə təsir göstərmək potensial informasiya vasitəsidir. Bu tezislərin Türkiyəyə daşınması isə xüsusilə diqqətçəkəndir. Çünki Türkiyə Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir və Bakı əleyhinə narrativlərin məhz burada yayılması əlavə siyasi əhəmiyyət qazanır. Yəni görünən odur ki, iki qardaş ölkə arasında narazılıq, təxribat yaratmaq istəyən qüvvələr var. Ona görə də burada əsas diqqət ediləsi məsələ aksiyanın siyasi gündəmi kimin və ya kimlərin maraqlarına xidmət etməsini müəyyən etməkdir. Əgər dini motivlə başlayan etiraz Azərbaycanın dövlət siyasətinə qarşı sistemli kampaniyaya çevrilirsə və İranın Azərbaycana qarşı istifadə etdiyi tezislərlə eyniləşirsə, bu artıq sadəcə dini aksiya deyil, informasiya-siyasi təsir cəhdi ehtimalını gündəmə gətirir.
Ona görə də 15 il fərqlə eyni məkanda oxşar aksiyanın keçirilməsi təsadüf kimi də qiymətləndirilə bilər, amma İran izi ehtimalını araşdırmaq üçün kifayət qədər ciddi siqnaldır. Burada emosional ittihamdan daha çox, aksiyanın arxasındakı təşkilati və ideoloji əlaqələrin üzə çıxarılması vacibdir”.
Safura Bənnayeva
Globalinfo.az