“Lent.az”-ın əməkdaşının ahıllar evindən hazırladığı reportajda sakinlərin həyat hekayələri və onların bu müəssisəyə düşməsinə səbəb olan amillər diqqət çəkib. Əksər hallarda övladları tərəfindən tərk edilən, evsiz qalan və sonda dövlətin himayəsinə sığınan ahılların taleyi cəmiyyət üçün bir sıra suallar yaradır. Bu baxımdan yaşlı insanların öz əmlakını qoruması, övlad tərbiyəsi və ahıl yaşda normal pensiya və maddi təminatın bu problemin qarşısının alınmasına təsiri müzakirə mövzusudur.
İnsan öz adına olan evini ömrünün sonuna qədər saxlamalıdırmı? Əmlakını övladına belə verməməlidir ki, qocalıqda onun üçün təminat olsun? Burada valideyn tərbiyəsinin də rolu varmı? Valideyn övladını düzgün tərbiyə etmədikdə, bu, sonradan belə hallara səbəb ola bilər? Normal pensiya və maddi təminat insanın ahıl yaşda belə vəziyyətlə üzləşməsinin qarşısını alırmı?
Globalinfo.az-a danışan sosioloq Mail Yaqub deyib ki, bəzi övladlar valideynlərinə çox biganə və laqeyd yanaşırlar:
“Ona görə valideyn ahıl yaşında qocalar evinə sığınır, bu, hüquqi baxımdan mümkündür. Amma milli-mənəvi dəyərlərimiz nəzərə alındıqda, belə addım Azərbaycan ailəsinə yaraşmır. İnsan öz valideyninə o qədər biganə qalmamalıdır ki, qocalar evinə sığınmaq məcburiyyətində qalsın. Bu xoşagəlməz halın qarşısını almaq üçün ilk növbədə, hüquqi baxımdan valideynlər öz adına olan əmlakı özündə saxlamalıdır ki, ahıl, qoca yaşına çatanda evsiz-eşiksiz qalmasın”.

Mail Yaqub
Sosioloq bildirib ki, ikinci məsələ isə övladların tərbiyəsidir:
“Övladların tərbiyəsi o qədər yüksək səviyyədə olmalıdır ki, valideynindən imtina etməsin. Eyni zamanda, dövlət də vətəndaşına əxlaq və tərbiyə dərsi verməlidir. Platon deyirdi ki, dövlətdə Əxlaq Nazirliyi də olmalıdır. Düzdür, XVII əsrdən, modernləşmə dövründən sonra siyasi filosoflar hesab edirdilər ki, əxlaqın formalaşdırılması dövlətin əsas funksiyalarından biri deyil. Amma fikrimcə, dövlət də cəmiyyətdə tərbiyə və mənəvi dəyərlərin gücləndirilməsinə diqqət yetirməli, bu cür halların qarşısının alınması üçün müvafiq tədbirlər görməlidir. Dövlət bunu televiziya, sosial şəbəkələr, radio, kino və filmlər vasitəsilə edə bilər. Bu dəyərlər həmin vasitələrlə aşılanmalıdır.
Biz Avropa deyilik, Azərbaycanıq. Spesifik dəyərlərimiz, əxlaq normalarımız və mənəvi dəyərlərimiz var, buna sahib çıxmalıyıq. Mənəvi dəyərlərdən imtina etmək bizə başucalığı gətirməyəcək. Ona görə də belə halların qarşısını almaq üçün iki addım atılmalıdır. Birincisi, qeyd etdiyim həmin hüquqi addımlar, ikincisi isə mənəvi təbliğatdır. Övlad valideyninə sevgi bəsləməli, ona sahib çıxmalıdır. Yəni biganə qalaraq valideynini qocalar evinə buraxmamalıdır”.
Ləman İmran
Globalinfo.az