Xəbər verdiyimiz kimi, Sumqayıtda ərindən boşanmaq istəyən qadın öldürülüb. Təəssüf ki, Azərbaycanda boşanma prosesində və ya ayrılıqdan sonra qadınlara qarşı zorakılıq halları zaman-zaman ağır faciələrlə nəticələnir. Bəzi hallarda tərəflər arasında yaranan münaqişə qadının həyatı üçün təhlükəyə çevrilir.
Bizdə insanlar niyə boşana bilmir və ya boşandıqdan sonra belə bir-birinin həyatından tamamilə çıxa bilmirlər? Bu kimi halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Ər arvadını, ya da boşandığı qadını ardıcıl təhdid edəndə, ona narahatlıq yaşadanda hüquq-mühafizə orqanlarına müraciət edirmi? Bu müraciətdən sonra hədələnən şəxs qoruma altına alınmalıdır?
Globalinfo.az-a danışan mediator-hüquqşünas, ailə və mənəvi inkişaf mentoru Nərminə Qəribova deyib ki, cəmiyyətimiz illərdir səslənən “ağ gəlinliklə get, ağ kəfənlə qayıt” düşüncəsinin kölgəsində yaşayır:
“Sanki qadının ailədən çıxması ayıb, ailə daxilində yaşadığı zorakılıqdan danışması isə “ailəni dağıtmaq” hesab olunur. Halbuki bir qadının ailəsini qorumaq naminə öz həyatını təhlükəyə atması fədakarlıq deyil. Sırf bu hadisədə tərəflər arasında hansı münasibətlərin olduğu hələ ki detallı açıqlanmayıb. Ona görə də həmin ailə haqqında hökm vermək doğru olmaz. Lakin qadınlara qarşı zorakılıq və ailə daxilində baş verən ağır hadisələr bizi daha böyük bir problem haqqında düşünməyə vadar edir. Ailə cəmiyyətin ən mühüm dəyərlərindən biridir. Sevgi, məsuliyyət, hörmət, mərhəmət, paylaşmaq və bir-birinə dayaq olmaq kimi dəyərlər ilk dəfə ailədə öyrənilir. Sağlam ailə insanın özünü təhlükəsiz, dəyərli və qəbul olunmuş hiss etdiyi məkandır. Ailə nikah şəhadətnaməsi, bir ev, uşaqlar və qohumluq münasibətlərindən daha artığıdır”.
Nərminə Qəribova
Hüquqşünas bildirib ki, əgər bir evin daxilində davamlı təhqir, fiziki zorakılıq, psixoloji təzyiq, qorxu və təhlükə varsa, həmin münasibəti yalnız “ailə müqəddəsdir” deyərək qorumağa çalışmaq problemin həlli deyil:
“Ölkədə nikah hüquqi baxımdan iki insan arasında bağlansa da, praktikada çox zaman iki gəncin yox, iki ailənin münasibətinə çevrilir. Çünki gənclərin qərarlarına valideynlər, qohumlar, yaxınlar, hətta bəzən ətrafdakı tanımadığı insanlar belə müdaxilə edir. Ən ağrılı məqam isə budur ki, qadın zorakılığa məruz qaldıqda belə, polisə, aidiyyəti qurumlara və ya yaxınlarına müraciət etməsini bəzən ailələr “geri dönüşü olmayan addım” kimi qəbul edir. Sanki qadın özünü və övladlarını qorumaq üçün yardım istəməklə ailəsinə xəyanət edir. Əslində isə özünü qorumaq, övladını təhlükədən uzaqlaşdırmaq, zorakılığa “yox” demək ailə dəyərinə qarşı çıxmaq deyil.
Bəzən valideynlər qızlarının həyatını xilas etmək əvəzinə, onu yenidən həmin evə qaytarırlar. Çünki “qızım boşanıb ata evinə qayıtdı” deməkdən utanırlar. Amma qızlarının tabutunun ata evinə gəlməsindən utanmaq üçün artıq gec olur. Bu düşüncə dəyişməlidir. Ailə yalnız qadının üzərinə qoyulan məsuliyyət deyil. Kişiyə də ailənin nə olduğu öyrədilməlidir. Kişi ailənin maddi təminatını həyata keçirməklə bütün vəzifələrini yerinə yetirmiş olmur. Ailə həm də emosional məsuliyyət, hörmət, sədaqət, valideynlik, ünsiyyət və təhlükəsizlik tələb edir. Zərərli vərdişlər, aqressiv davranış, nəzarətçilik, təhqir, qısqanclıq, zorakılıq və qadının üzərində hökmranlıq etmək ailə başçılığı deyil”.
Mediator qeyd edib ki, ailə dəyərini qorumaq istəyiriksə, qadınları susmağa, dözməyə və təhlükə qarşısında qalmağa məcbur etməməliyik:
“Bu prosesə sağlam münasibətlər qurmağı, ailədə kişi və qadının vəzifə öhdəliklərinə düzgün riayət etməyi, zorakılığı vaxtında tanımağı və təhlükə qarşısında insanı qorumağı öyrətməklə başlamalıyıq. Bir-birinin həyatını məhv etmək, keçmiş həyat yoldaşını təhqir etmək, uşaqları tərəf seçməyə məcbur qoymaq, qohumları qarşı-qarşıya gətirmək və illərlə davam edən düşmənçilik yaratmaq nə ailə mədəniyyəti, nə də sağlam ayrılıqdır. Boşanmaq da mədəniyyət tələb edir. Əgər iki insan birlikdə xoşbəxt ola bilmirsə, heç olmasa bir-birinə insan kimi hörmət edərək ayrılmağı bacarmalıdır. Xüsusilə övlad varsa, ər-arvad münasibəti bitsə də, valideynlik məsuliyyəti bitmir. Uşaq valideynlərinin boşanmasının hakimi, vasitəçisi və cəza aləti olmamalıdır.
İstənilən insan davamlı təhdid, təqib və narahatlıqla üzləşən qadın hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Müraciət əsasında polis hadisənin hallarını araşdırmalı və təhlükənin olub-olmadığını qiymətləndirməlidir. Təhlükə müəyyən edilərsə, zərərçəkən şəxsin qorunması üçün qanunvericilikdə nəzərdə tutulan mühafizə tədbirləri tətbiq olunur. Buna görə də təhdidlər davamlı xarakter daşıyırsa, zərərçəkən şəxs bunu sübut edən mesaj, zəng və digər materialları saxlayaraq polisə müraciət etməlidir”.
Ləman İmran
Globalinfo.az
