isvec ailesi

Azərbaycanda gender, ailə və demoqrafiya məsələləri son illərdə cəmiyyətdə daha çox müzakirə olunur. Bu üç istiqamət bir-biri ilə sıx bağlıdır və ailələrin gələcək inkişafına təsir göstərir. Azərbaycanda ailə institutunun qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Eyni zamanda, qadın və kişilərin ailədə, cəmiyyətdə rolu ilə bağlı yanaşmalar da dəyişir. Qadınların təhsil alması və əmək bazarında iştirakının artması ailə münasibətlərinə yeni yanaşmalar gətirir. Kişilərin də ailə və məişət məsuliyyətində daha fəal iştirakı vacib məsələlərdən biri hesab olunur.

Demoqrafik baxımdan isə doğum səviyyəsinin azalması diqqət çəkən məsələlərdəndir. Ailələrin daha az uşaq sahibi olması əhalinin yaş strukturuna və gələcəkdə əmək resurslarına təsir göstərə bilər. Gənclərin ailə qurma yaşının yüksəlməsi də demoqrafik proseslərə təsir edən amillərdəndir. Mənzil, gəlir, işsizlik və maddi imkanlarla bağlı problemlər gənclərin ailə qurmaq qərarına təsir edir.

Bununla yanaşı, ailələrin sosial və psixoloji rifahı da mühüm əhəmiyyət daşıyır. Ailədə sağlam münasibətlərin qurulması uşaqların inkişafına da birbaşa təsir edir. Qadınla kişi arasında qarşılıqlı hörmət və məsuliyyət ailənin davamlılığı baxımından vacibdir. Gender bərabərliyi ailədə və iş həyatında imkanların daha ədalətli bölüşdürülməsini nəzərdə tutur. Demoqrafik problemlərin həlli üçün isə yalnız doğum göstəricilərinə yox, ailələrin sosial və iqtisadi vəziyyətinə də diqqət yetirmək lazımdır. Gənc ailələr üçün mənzil, məşğulluq, uşaq baxımı və sosial dəstək imkanlarının artırılması bu baxımdan əhəmiyyətlidir.

Gender rolları ilə bağlı cəmiyyətdə dəyişən yanaşmalar ailə münasibətlərinə necə təsir edir? Müasir ailələrdə qadın və kişinin məsuliyyət bölgüsündə hansı dəyişikliklər müşahidə olunur? Bu, ailələrin qurulmasına və davamlılığına necə göstərir?

Globalinfo.az-a danışan psixoloq Zeynəb Əyyubova deyib ki, gender rolları ilə bağlı yanaşmaların dəyişməsi ailə münasibətlərinə birbaşa təsir göstərir:

“Əvvəllər ailədə qadın və kişinin vəzifələri daha sərt şəkildə bölünürdüsə, müasir ailələrdə bu bölgü getdikcə daha çevik xarakter alır. Qadınların işləməsi və iqtisadi baxımdan daha müstəqil olması ailədə qərarların birgə qəbul edilməsini daha vacib edir. Eyni zamanda, kişilər də uşaqların tərbiyəsi, ev işləri və digər ailə məsuliyyətlərində daha çox iştirak etməyə başlayırlar. Bu dəyişikliklər düzgün şəkildə qurulduqda ailə daxilində əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirir”.

zeyneb

Zeynəb Əyyubova

Psixoloq bildirib ki, əsas məsələ qadın və kişinin məsuliyyətlərinin kimin üzərinə düşməsindən çox, onların bu məsuliyyətləri necə bölüşdürməsidir:

“Tərəflərdən birinin bütün yükü üzərinə götürməsi yorğunluq, narazılıq və münasibətlərdə gərginlik yaradar. Digər tərəfdən, ailə qurarkən tərəflərin gözləntilərinin əvvəlcədən açıq şəkildə müzakirə olunması sonradan yaranan problemlərin qarşısını almağa kömək edir. Ailənin davamlılığı yalnız gender rollarından asılı deyil. Maddi vəziyyət, ünsiyyət, qarşılıqlı hörmət, emosional dəstək və problemləri birlikdə həll etmək bacarığı da mühüm rol oynayır. Gənclər ailə qurarkən ənənəvi gözləntilərlə yanaşı, müasir həyatın tələblərini də nəzərə alırlar. Buna görə də sağlam ailə münasibətlərinin əsasını sərt vəzifə bölgüsü deyil, qarşılıqlı anlaşma, hörmət və məsuliyyətin ədalətli paylaşılması təşkil edir.

Bundan əlavə, gender rollarının dəyişməsi bəzən ailə daxilində müəyyən anlaşılmazlıqlara gətirib çıxarır. Xüsusilə tərəflərin ailədən gətirdiyi fərqli baxışlar və gözləntilər münasibətlərdə gərginliyə səbəb olur. Bu zaman əsas məsələ bir tərəfin digərinə öz düşüncəsini qəbul etdirməsi yox, ortaq razılığa gəlməsidir. Həm qadının, həm də kişinin özünü ailədə dəyərli və eşidilmiş hiss etməsi münasibətlərin sağlamlığı üçün vacibdir. Uşaqlar da valideynlərin bir-birinə münasibətindən və məsuliyyət bölgüsündən nümunə götürürlər. Buna görə ailədə qarşılıqlı hörmət və əməkdaşlıq həm münasibətlərin davamlılığına, həm də uşaqların gələcək baxışlarına təsir göstərir”.

Qeyd: Material Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.

MYS logo yan 1

 

Ləman İmran
Globalinfo.az

Paylaş: