***12:39
Dubaydan Təl-Əvivə uçan və qaçırıldığı iddia edilən sərnişin təyyarəsi ilə bağlı yeni məlumatlar yayılıb.
Globalinfo.az xəbər verir ki, İsrailin N12 telekanalına danışan sərnişinlər uçuş zamanı təyyarənin göyərtəsində gərgin anların yaşandığını bildiriblər.
Noa adlı sərnişin deyib ki, hadisəyə sərnişinlər müdaxilə edib:
“Təyyarədə qışqırıqlar eşitdik. Daha sonra pilotların kabinəsini açdıq və qan gördük. Kimsə pilotu bıçaqla vurmuşdu. İsraildən olan sərnişinlər hücum edəni tərksilah ediblər. Təcili eniş etdik. Elə anlar oldu ki, sağ qalmayacağımızı düşündük”.
Başqa bir sərnişin isə təyyarədə qışqırıq səsləri eşitdiklərini və daha sonra pilot kabinəsinin qapısının açıldığını deyib:
“Qışqırıq və çığırtı səsləri eşitdik. Daha sonra pilot kabinəsinin qapısı açıldı və orada qan olduğunu gördük”.
İsrailli yüksək vəzifəli şəxs isə “Kanal 12”-yə açıqlamasında bildirib ki, böyük faciənin qarşısı alınıb. Onun sözlərinə görə, pilotun təyyarəni ələ keçirərək sərnişinlərlə birlikdə qəzaya uğratmaq niyyətində olduğuna dair göstəricilər artır.
Qeyd edək ki, Dubaydan Təl-Əvivə uçan “Flydubai” şirkətinə məxsus təyyarə qaçırılma şübhəsi səbəbindən təcili siqnal verib. Daha sonra təyyarədə pilotlar arasında davanın baş verdiyi məlum olub.
Əliyar Xəlil
Globalinfo.az