r91

Sentyabrın 30-da Bakı Ekspo Mərkəzində Qafqaz regionunun nəhəng hərbi-texnoloji platforması olan və müdafiə sənayesinin qlobal güclərini bir araya gətirən ADEX 2026 – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və paralel olaraq keçirilən “Securex Caspian” – 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin rəsmi açılış mərasimi keçirilib.

Globalinfo.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev çıxış edib

 

Daha sonra sərginin iştirakçıları və qonaqları VIP turda iştirak ediblər.

Qeyd olunub ki, ADEX regionda ən böyük hərbi texnika və silah ekspozisiyalarından biri olmaqla yanaşı, müasir hərbi texnologiyaların və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir. Təşkil olunduğu ilk illərdən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ADEX-i ziyarət edərək sərgi ilə yaxından tanış olması, tədbirin iştirakçıları və qonaqlarına salamlama məktubu ünvanlaması sərgiyə dövlət səviyyəsində göstərilən yüksək diqqətin təzahürüdür. Bu, sərgiyə böyük etimadı nümayiş etdirməklə yanaşı, onun Azərbaycanın beynəlxalq nüfuza malik milli brendi statusunu təsdiqləyir.

ADEX Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.

Bu il ADEX iştirakçı şirkətlərin sayına görə rekord vurur. Bununla əlaqədar olaraq, məhz ADEX 2026 sərgisi üçün Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilib. 5-ci pavilyonun fəaliyyətə başlaması sadəcə ekspozisiya sahəsinin genişləndirilməsi deyil, Azərbaycana və ölkənin müdafiə sənayesi potensialına artan beynəlxalq marağın, eləcə də ADEX-in beynəlxalq müdafiə sənayesində möhkəmlənən mövqeyinin əyani ifadəsidir.

ADEX və “Securex Caspian” sərgilərində bu il ümumilikdə 53 ölkə təmsil olunur. 30 ölkədən 280 şirkət və təşkilat sərgilərdə iştirak edir. Sərgilərdə stendlə təmsil olunan ölkələr arasında Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Litva, Macarıstan, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləri yer alır.

Bu il ABŞ-ın ADEX 2026-da fəal iştirakı xüsusi diqqət çəkir. “Northrop Grumman”, “SIG SAUER”, “Lockheed Martin”, “Vantor” və “Ondas” kimi nüfuzlu ABŞ şirkətləri sərgidə ilk dəfə təmsil olunur. Almaniyadan “Rheinmetall” və “Rohde  Schwarz”, Böyük Britaniyadan isə “BAE Systems” və digər şirkətlər debüt edir. Türkiyə isə sərgidə ən geniş təmsil olunan ölkədir.

Sərgilərin ənənəvi beynəlxalq iştirakçıları arasında Türkiyədən “Roketsan”, “Aselsan”, “Baykar”, “Turkish Aerospace Industries” (TAI) və “Havelsan”, İtaliyadan “Leonardo”, Çexiyadan CSG, Birləşmiş Ərəb Əmirliklərindən “EDGE Group” və İspaniyadan “INDRA” yer alır.

Türkiyənin “Roketsan” şirkəti ADEX sərgisinin Baş sponsoru, ABŞ-nin “Northrop Grumman” şirkəti isə Ölkə tərəfdaşı sponsorudur.

ABŞ, Azərbaycan, Belarus, ⁠Böyük Britaniya, Çexiya, Çin, İsrail, İtaliya, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə və Özbəkistan daxil olmaqla 14 ölkə sərgilərdə milli pavilyonla təmsil olunur.

Dövlətlərarası və hərbi-texniki əməkdaşlıq üçün mühüm görüş platforması olan ADEX ənənəvi olaraq müxtəlif ölkələrdən nüfuzlu qonaqları və nümayəndə heyətlərini cəlb edir. ADEX 2026 sərgisində 39 ölkədən 59 xarici nümayəndə heyəti iştirak edir. Bu ölkələr sırasına Amerika Birləşmiş Ştatları, Bəhreyn Krallığı, Belarus Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Braziliya Federativ Respublikası, Cənubi Koreya Respublikası, Çad Respublikası, Çex Respublikası, Əfqanıstan İslam Respublikası, Gürcüstan, İordaniya Haşimilər Krallığı, İran İslam Respublikası, İraq Respublikası, İsrail Dövləti, İtaliya Respublikası, Konqo Demokratik Respublikası, Kot-d’İvuar Respublikası, Latviya Respublikası, Liberiya Respublikası, Malayziya, Mərakeş Krallığı, Mərkəzi Afrika Respublikası, Monteneqro, Nigeriya Federativ Respublikası, Özbəkistan Respublikası, Pakistan İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Rusiya Federasiyası, Serbiya Respublikası, Slovakiya Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Sudan Respublikası, Türkmənistan, Türkiyə Respublikası, Uqanda Respublikası, Ukrayna və Vyetnam Sosialist Respublikası daxildir. Yüksək səviyyəli nümayəndə heyətlərinin ADEX sərgisində iştirakında əsas məqsəd müdafiə sənayesindəki yeniliklərlə tanış olmaqla yanaşı, əməkdaşlıq imkanlarını müzakirə etmək və yeni tərəfdaşlıqlar qurmaqdır. Səfər çərçivəsində onların Azərbaycanın aidiyyəti dövlət qurumlarının nümayəndələri, yerli və xarici müdafiə sənayesi şirkətləri, istehsalçılar və sərgi iştirakçıları ilə görüşləri nəzərdə tutulur.

ADEX 2026-nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə milli ekspozisiyaya ayrılmasıdır. Milli pavilyonun yaradılmasında əsas məqsəd Azərbaycanın müdafiə-sənaye kompleksinin gücünü, mövcud istehsal imkanlarını və texnoloji potensialını vahid ekspozisiya çərçivəsində daha sistemli şəkildə beynəlxalq auditoriyaya təqdim etməkdir. Bu format yerli qurum və şirkətlərin fəaliyyətinin daha geniş şəkildə tanıdılmasına, onlar arasında əlaqələrin gücləndirilməsinə və xarici tərəfdaşlarla yeni əməkdaşlıq imkanlarının formalaşdırılmasına xidmət edir. Burada Azərbaycanın müdafiə sənayesi, texnologiya, kosmik sənaye və mühəndislik sahələrini təmsil edən dövlət qurumları və şirkətlər ən son məhsul və həllərini eyni pavilyon çərçivəsində nümayiş etdirirlər.

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi sərgini dəstəkləməklə yanaşı, tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti, “Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi” publik hüquqi şəxs və “MİRAS Hərbi-Sənaye Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birgə stendlə təmsil olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi də sərgidə ayrıca stendlə iştirak edərək fəaliyyət istiqamətlərini və imkanlarını təqdim edir.

ADEX 2026 sərgisində dəniz gəmiləri və hərbi dəniz sistemləri, hərbi geyim və ləvazimatlar, hərbi laboratoriyalar, hərbi təhsil müəssisələri və hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr, logistika xidmətləri, tibbi ləvazimatlar, mühəndislik sistem və qurğuları, müdafiə və təhlükəsizlik üzrə konsaltinq, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), radioelektron sistemlər və C4ISR texnologiyaları, silah istehsalı üçün avadanlıqlar, silah və sursat, silahların utilizasiyası üzrə vasitə və texnologiyalar, simulyatorlar və təlim sistemləri, tədqiqat institutları, təyyarə və aviasiya sistemləri, video nəzarət sistemləri və təhlükəsizlik siqnalları, zirehli döyüş nəqliyyat vasitələri və digər sahələr təmsil olunur.

Sərgidə nümayiş olunan yeniliklər arasında hərbi nəqliyyat vasitələri və atıcı silah həlləri də xüsusi yer tutur. Türkiyənin “BMC” şirkəti ADEX 2026 sərgisində şəxsi heyətin və logistika yüklərinin daşınması üçün nəzərdə tutulmuş yeni PAMİR 4×4 hərbi nəqliyyat vasitəsini, yerli TUNA mühərriki ilə təchiz edilərək təkmilləşdirilmiş KİRPİ II 4×4-ü, həmçinin çətin iqlim və relyef şəraitində yüksək dayanıqlılığı və çevikliyi ilə seçilən VURAN 4×4-ü beynəlxalq ziyarətçilərə təqdim edir.

Beynəlxalq istehsalçılarla yanaşı, Azərbaycanın yerli şirkətləri də sərgidə dünyanın tanınmış müdafiə brendlərini təmsil edir. “USH Group” 500 illik tarixə malik İtaliyanın “Beretta” şirkətini təmsil edir. Dünyanın ən qədim silah istehsalçılarından biri olan “Beretta” hərbi, hüquq-mühafizə, ovçuluq və idman atıcılığı üçün nəzərdə tutulmuş məhsulları ilə tanınır. Sərgi çərçivəsində şirkətin müasir atıcı silah və müdafiə həlləri təqdim olunur.

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının dəstəyi ilə təşkil olunan “Securex Caspian” sərgisində kibertəhlükəsizlik sektoru diqqət mərkəzindədir. Bu istiqamətdə ən son texnologiyalar, innovativ həllər və qabaqcıl yanaşmalar nümayiş etdirilir.

Sərgi günləri ərzində “Müasir müdafiə sənayesi: innovativ texnologiyalar və inkişaf perspektivləri” mövzusunda texnologiya sessiyası, “Süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər: məlumatların idarə olunması və kiber dayanıqlılıq” mövzusunda innovasiya sessiyası, “Kiber və informasiya təhdidləri: tanı, təhlil et və düzgün reaksiya ver” adlı interaktiv təlim, “Bilikdən texnoloji üstünlüyə: elm–universitet–sənaye əməkdaşlığının gələcəyi” mövzusunda akademik sessiya, “Müasir çağırışlar: radioelektron mübarizə və rabitə sistemlərinin təhlükəsizliyi” mövzusunda panel müzakirəsi, “Müdafiə və kibertəhlükəsizlik startapları – ideyadan uğura” adlı innovasiya dialoqu, “Böhranların idarə edilməsi: fövqəladə hallarda əməli bacarıqlar” mövzusunda təlim sessiyası təşkil olunur. Bu tədbirlər peşəkar müzakirələrin aparılmasına və təcrübə mübadiləsinə şərait yaradır. Eyni zamanda, sərgi çərçivəsində Qoşun növləri üzrə hərbi qulluqçuların keçidi nəzərdə tutulub.

Sərginin peşəkar istiqaməti nəzərə alınaraq, ADEX 2026-ya giriş yalnız hərbi qulluqçular, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbi və müdafiə sənayesində, eləcə də əlaqəli sektorlarda çalışan şəxslər, həmçinin ali hərbi təhsil müəssisələrinin kursantları üçün açıqdır. Kommersiya strukturlarında çalışan şəxslər yalnız 2 oktyabr tarixində şəxsiyyət vəsiqələrini təqdim etməklə sərgini ziyarət edə bilərlər.

ADEX sərgisinin sponsorları qismində həmçinin “Absheron Hotel Group”, “Accurate Az MMC” və “Bilboard.al” şirkətləri çıxış edir.

Sərgilərlə bağlı yenilənən məlumatları rəsmi internet saytlarından (www.adex.az və www.securexcaspian.az) və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

r92 scaled

Paylaş: