Bakı metrosunda demək olar ki, hər gün eyni mənzərə ilə qarşılaşmaq mümkündür: qatar gəlir, qapılar açılır, sərnişinlər düşmək istəyir, amma içəridə dayanan insanların bir qismi qapının qarşısından çəkilmir. Hətta vaqonun içində boş yer olsa belə, sərnişinlər qapının yanında dayanmağa üstünlük verirlər.
Bəs insanlar niyə məhz qapının ağzında dayanır?
Globalinfo.az “Yeni Sabah”a istinadla xəbər verir ki, sərnişin davranışını araşdıran elmi tədqiqatlar bu vəziyyətin yalnız nəzakətsizlik və ya qaydalara əməl etməməklə izah olunmadığını göstərir. Burada rahatlıq, vaqondan tez çıxmaq istəyi, şəxsi məkan, izdihamın təsiri və digər sərnişinlərin davranışını təkrarlamaq kimi amillər rol oynayır. Metroya minən sərnişinin əsas məqsədlərindən biri təyinat məntəqəsinə çatdıqda vaqondan vaxt itirmədən çıxmaqdır. Bu səbəbdən bəzi insanlar əvvəlcədən qapıya yaxın dayanmağa çalışırlar.
Xüsusilə bir neçə dayanacaq sonra düşəcəyini düşünən sərnişin üçün qapının yanında qalmaq daha “təhlükəsiz” seçim kimi görünür. İnsan vaqonun ortasına keçdikdə növbəti dayanacaqda qapıya çatmaq üçün yenidən hərəkət etməli olduğunu düşünür. Bu isə paradoksal vəziyyət yaradır: hər kəs qapıya yaxın olmaq istədikcə vaqonun giriş-çıxış hissəsində sıxlıq artır.
İnsanlar boş yerə niyə keçmir?
Burada psixoloji amillərdən biri mənim üçün ən rahat yer haradır düşüncəsidir.
Sərnişin qapının yanında dayanarkən həm vaqona giriş-çıxışı, həm də növbəti dayanacağı daha rahat izləyə bildiyini düşünür. Vaqonun dərinliyinə keçmək isə insandan əlavə hərəkət etməyi və izdihamın içindən keçməyi tələb edir.
Üstəlik, insan ətrafındakı sərnişinlərin də qapıda dayandığını görəndə həmin davranış daha normal görünməyə başlayır. Yəni bir nəfərin qapıda dayanması digərlərinin də eyni yerdə qalmasına səbəb olur.
Bu, izdiham davranışında tez-tez müşahidə olunan mexanizmlərdən biridir: insanlar qeyri-müəyyən vəziyyətdə ətrafındakı şəxslərin hərəkətini özləri üçün davranış nümunəsi kimi qəbul edir.
Metro sərnişinlərinin minmə və düşmə prosesini araşdıran tədqiqatlarda qapı qarşısında sərnişinlərin qarşı-qarşıya hərəkət etməsinin vaxta və hərəkət sürətinə təsir etdiyi müəyyənləşdirilib. Araşdırmalarda sərnişinlərin qapı qarşısında nizamsız yerləşməsi və minənlərlə düşənlərin eyni anda hərəkət etməsi dar keçiddə “tıxac” yaradır.
Başqa sözlə, qapının qarşısında “özüm tez düşərəm” düşüncəsi ilə dayanan bir sərnişin əslində həm özünün, həm də digər insanların vaqona giriş-çıxışını ləngiir.
Metro vaqonunun qapısı sərnişin üçün bir növ “çıxış nöqtəsi”dir. Qapılar açıldıqda insanın diqqəti avtomatik olaraq həmin istiqamətə yönəlir.
Bu zaman iki fərqli axın yaranır: vaqondan düşənlər və vaqona minmək istəyənlər. Araşdırmalarda bu proses dar keçiddən iki istiqamətli piyada axını kimi təsvir edilir. Yəni problem sadəcə insanların bir-birinə mane olması deyil. Hər iki tərəf eyni anda eyni dar sahədən keçməyə çalışır. Bu səbəbdən metro mütəxəssislərinin diqqət yetirdiyi əsas məsələlərdən biri sərnişinlərin əvvəlcə düşməsi, daha sonra minməsidir.
Bakıda xüsusilə işə və dərsə gediş-gəliş saatlarında metrodan istifadə edənlərin sayı artır. Belə vaxtlarda sərnişinlərin davranışı bir-birinə daha çox təsir edir.
Vaqonda sıxlıq artdıqca insanın “şəxsi məkan” imkanları da azalır. Sərnişin özünü daha rahat hiss etdiyi və çıxışa yaxın bildiyi nöqtəni seçir. Qapı ətrafında boşluq qalmadıqda isə yeni gələnlər də həmin sıx qrupa qoşulur.
Beləliklə, əvvəlcə bir neçə nəfərin qapının yanında dayanması qısa müddət ərzində kiçik bir izdihama çevrilir.
Mütəxəssislərin araşdırmalarından çıxan əsas nəticə sadədir: qapının qarşısında dayanmaq əvəzinə vaqonun içərisinə doğru irəliləmək, düşən sərnişinlərə yol vermək və qapının hər iki tərəfində keçid üçün boşluq saxlamaq sərnişin axınını sürətləndirir.