Payız fəslinin başlaması ilə hava şəraitində dəyişikliklər, yağıntıların artması və xüsusilə Bakıda leysan yağışları zamanı yaranan problemlər yenidən gündəmə gəlir. Ötən illərdə güclü yağışlar paytaxtın bir sıra ərazilərində yolların və küçələrin su altında qalmasına, nəqliyyatın hərəkətində çətinliklər yaranmasına səbəb olub.
Bu baxımdan qarşıdakı payız mövsümündə Bakıda analoji vəziyyətin təkrarlanıb-təkrarlanmayacağı və şəhərin mümkün sel, güclü yağıntılara nə dərəcədə hazır olduğu maraq doğurur.
Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, bunun səbəbi infrastruktur və alt infrastruktur fəsadlarıdır:
“Nə qədər ki Bakının tikinti sektoru optimaldan çox uzaqdır, biz bu cür fəsadları müşahidə edəcəyik. Əsasən, kollektorların, suötürücü qurğuların üzərində aparılmış qanunsuz tikintilər səbəbindən problemlər yaranacaq”.
A.Mustafayevin fikrincə, yağış kollektorlarının qoyulmalı olduğu, amma qoyulmadığı yerlərdə də müəyyən problemlərlə qarşılaşacağıq:
“Eyni zamanda, yağış kollektorlarının vaxtaşırı təmizlənmədiyi və texniki qulluğu aparılmayan ərazilər, sıx yaşayış məntəqələri və mərkəzləşdirilmiş kanalizasiya sisteminin mövcud olmadığı ərazilər, relyefinə görə çökəklik sahələr və orada salınmış yaşayış məntəqələri təbii olaraq daha həssas olacaq. Xüsusilə Masazır, Xocasən, Abşeronun müəyyən əraziləri, Mərdəkan, Şüvəlan sahələrində normadan artıq yağışların intensiv olduğu vaxtlarda su toplanmasını müşahidə edəcəyik”.
Arzu Mustafayevin sözlərinə görə, insanlarımız mümkün vasitələrlə bu cür fəsadların yaranmaması və aradan qaldırılması məqsədilə müəyyən tələblərə əməl etməyə hazır olmalıdırlar:
“Məqsədyönlü və planlı şəkildə bu problemlər aradan qaldırılmalıdır ki, insanlar əziyyət çəkməsin, nəqliyyat, infrastruktur və əhali müəyyən problemlərlə üzləşməsin”.
Zaira Akifqızı
Globalinfo.az