%C9%99li

“Büdcənin əsas xərc istiqamətləri büdcə siyasəti qarşısında dayanan çağırışlar və Strategiyada sosial-iqtisadi hədəflər əsas götürülməklə ortamüddətli resurs zərfinə uyğun olaraq Milli Xərc Prioritetləri əsasında hazırlanıb”. 

Globalinfo.az xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2027-ci il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”nə həsr olunmuş iclasda deyib.

“2027-2030-cu illərdə dövlət büdcəsi xərclərinin əsas prioritet istiqamətləri aşağıdakılardır:

1.       Dayanıqlı iqtisadi artımın dəstəklənməsi;

2.       İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi;

3.       Müdafiə və milli təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;

4.       Sosial müdafiə və sosial təminat istiqamətində tədbirlərin davamlı icrası;

5.       Rəqəmsal inkişafın, süni intellektin və innovativ texnologiyaların tətbiqinin sürətləndirilməsi;

6.       Təhsilin və innovativ inkişafın dəstəklənməsi;

7.       Səhiyyə sisteminin və tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi;

8.       Təmiz ətraf mühit və “yaşıl artım”ın təmin olunması.

Ortamüddətli dövrdə makrofiskal çərçivənin parametrləri fiskal dayanıqlığa, büdcə qaydasının hədəflərinə, xərclərin səmərəliliyinin yüksəldilməsinə, maliyyə-borc intizamına və Dövlət Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə saxlanılmasına əsaslanaraq hazırlanıb”, deyə o əlavə edib.

“2027–2030-cu illər üzrə makroiqtisadi sabitliyin və dayanıqlığın təmin olunması məqsədilə iqtisadi proqnozlarda və büdcə hesablamalarında (baza ssenaridə) neftin qiyməti 65 ABŞ dolları götürülüb.

Beləliklə, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat proqnoz edilir. Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,2%-dir (-3.166 mlrd. manat)”, – deyə Baş nazir vurğulayıb.

Paylaş: