universitetler ela

 Son günlər paytaxtda yaşanan nəqliyyat sıxlığının aradan qaldırılması üçün müxtəlif təkliflər səsləndirilir. Bunların arasında universitetlərdə dərslərin, bəzi idarə və müəssisələrdə isə iş rejiminin distant formaya keçirilməsi də var. 

Bu, Bakı və paytaxt sakinləri üçün real çıxış yolu ola bilərmi?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov deyib ki, bu kimi qərarların, xüsusilə də dərslərin distant formata keçirilməsinin müəyyən hallarda faydalı tərəfləri var:

“Amma təhsili tamamilə distanta keçirmək düzgün yanaşma olmaz. Burada əsas məsələ konkret vəziyyətə uyğun qərar qəbul etməkdir. Məsələn, universitetə getmək üçün uzun müddət yolda qalmaq lazım gəlirsə, bəzi günlərdə dərslərin distant keçirilməsi məqsədəuyğundur. Tələbə həmin vaxtı yolda keçirmək əvəzinə, evindən dərsə qoşula və vaxtını daha səmərəli istifadə edə bilər. Bu baxımdan, xüsusilə nəqliyyat sıxlığının kəskin artdığı günlərdə universitetlərdə distant təhsildən istifadə müəyyən mənada çıxış yoludur. Eyni zamanda, bunun üçün texniki imkanların və tədris prosesinin keyfiyyətinin qorunması da vacibdir. Bu, həm də tələbəyə evdə daha rahat şəraitdə və müasir imkanlardan istifadə etməklə dərsi üçün üstünlüklər yaradar”.

aslan esedov

Aslan Əsədov

Ekspert bildirib ki, eyni yanaşmanın bəzi iş yerləri, idarə və müəssisələr üçün də tətbiqi mümkündür:

“Nəqliyyat sıxlığının artdığı günlərdə işçilərin müəyyən hissəsinin distant rejimdə işləməsi həm yollardakı sıxlığın azalmasına, həm də insanların işə gedib-gəlməyə sərf etdiyi vaxtın daha səmərəli istifadəsinə imkan deməkdir. Bu, eyni zamanda iş prosesinin davamlılığının təmin olunmasına və əməkdaşların vaxt itkisinin azalmasına kömək edə bilər. Lakin burada da distant iş imkanları konkret müəssisənin fəaliyyət istiqamətinə və işin xüsusiyyətlərinə uyğun müəyyənləşdirilməlidir.

Universitetlərdə distant formanın təşkili metroda təmir işləri başa çatana qədər və ya növbəti dərs ilində dərs yükünün müəyyənləşdiriləcəyi dövrədək tətbiq oluna bilər. Məsələn, birinci yarımilin sonunadək və ya ikinci yarımilin başlanğıcına qədər distant təhsil rejimindən istifadə etmək mümkündür”.

Ləman İmran
Globalinfo.az

Paylaş: