Azərbaycanda qeyri-neft sektorunun inkişafı və regionların iqtisadi potensialının daha geniş şəkildə dövriyyəyə cəlb edilməsi istiqamətində yeni mərhələ başlayır. Xüsusilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair yeni Dövlət Proqramının qəbul edilməsi bu istiqamətdə növbəti addım kimi qiymətləndirilir.
Globalinfo.az-a danışan Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun “Əlvan və qara metal tərkibli mineral xammalın emalı” laboratoriyasının müdiri, kimya elmləri doktoru professor Arif Heydərov deyib ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirədə mühüm açıqlamalar verdi:
“Bu proqramın təsiri kifayət qədər geniş olacaq. Əsas məsələ ölkə daxilində filiz yataqlarını kompleks emal edərək yüksək dərəcədə məhsullar almaqdır. Bu, həm də respublikanın mineral xammal potensialından daha da səmərəli istifadəyə imkan verəcək.
Proqramda göstərildiyi kimi, 2027-2030-cu illərdə bu istiqamətdə 5,3 milyard manat investisiya nəzərdə tutulur. Yeni hasilatın həyata keçirilməsi regionlarda istehsal, emal, logistika və xidmət sahələrinin inkişafına təkan verəcək.
Arif Heydərov
Həm də yeni iş yerlərinin yaranması və müasir infrastrukturların formalaşması regionların iqtisadi fəallığını artıracaq. Proqramın əvvəlki proqramlardan əsas fərqi xammal hasilatı yanaşmasından son məhsula qədər dəyər zəncirinin yaradılması yanaşmasına keçiddir. Məqsəd təklif olunan yataqlardan filiz çıxarmaq deyil, yeni emal üsullarından ekoloji təmizliyi gözləməklə dəyərli məhsulların ölkə daxilində istehsal edilməsidir”.
Professor qeyd edib ki, alüminium, mis, dəmir, qızıl, gümüş və digər qiymətli elementlərin çıxarılması yeni elmi-tədqiqat işlərinin aparılmasını zəruri edir:
“Bu sahədə Kimya İnstitutunda da aparılan elmi-tədqiqat işlərinin köməyi ola bilər. Fikrimcə, proqramın uzunmüddətli iqtisadi nəticəsi ölkə daxilində yeni sənaye zəncirinin formalaşması, əlavə dəyərin yüksəlməsi, texnologiyanın inkişafı və ixtisaslı kadr potensiallarının hazırlanması olacaq. Bu proqram uğurla həyata keçiriləcək. Dağ-mədən və metallurgiya sektoru qeyri-neft iqtisadiyyatının mühüm dayaqlarına çevriləcəkdir”.
Zaira Akifqızı
Globalinfo.az