Buker mükafatının 2026-cı il üzrə qısa siyahısı açıqlanıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, 2026-cı il Buker mükafatının qısa siyahısına altı əsər daxil edilib.
Məlumata görə, siyahıda iki əvvəlki qalib, bir dəfə qısa siyahıda yer alan müəllif və mükafata ilk dəfə namizəd olan üç yazıçı var.
Qısa siyahıya daxil edilən əsərlər arasında İngiltərəni təmsil edən M. Con Harrisonun (“The End of Everything”), Yamayka yazıçısı Marlon Ceymsin (“The Disappearers”), İngiltərədən olan Lyuk Kennardın (“Black Bag”), ingiltərəli Rebekka Perrinin (May We Feed the King), ABŞ yazıçısı Elizabet Stroutun (“The Things We Never Say”) və Şotlandiya müəllifi Duqlas Stüartın (“John of John”) romanları yer alıb.
Qısa siyahı klassik ədəbiyyat üzrə mütəxəssis, yazıçı və aparıcı Meri Beardın rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən seçilib. Münsiflər heyətinə, həmçinin mükafatlı şair və yazıçı Raymond Antrobus, musiqiçi və yazıçı Jarvis Cocker, jurnalist və tənqidçi Rebecca Liu, Buker mükafatının əvvəlki qısa siyahı namizədi, yazıçı və esseist Patricia Lockwood daxildir.
Qeyd olunur ki, 55 ildən artıqdır təqdim edilən Buker mükafatı ingilisdilli ədəbiyyatın ən nüfuzlu mükafatlarından biri hesab olunur. Bu ilki seçim 163 təqdim edilmiş əsər arasından müəyyənləşdirilən 13 kitablıq ilkin siyahıdan hazırlanıb.
Mükafat ingilis dilində yazılmış və 2025-ci il oktyabrın 1-dən 2026-cı il sentyabrın 30-dək Böyük Britaniya və ya İrlandiyada nəşr olunan bədii əsərlər arasında təqdim edilir.
2026-cı ilin qalibi noyabrın 9-da Londonda keçiriləcək mərasimdə açıqlanacaq. Qalib müəllif 50 min funt sterlinq, qısa siyahıya düşən müəlliflərin hər biri isə 2,5 min funt sterlinq mükafat alacaq.