
Gələn gedənə rəhmət oxudarmış… Belə zülm olar?
Səhər işə gecikirsən, axşam evə çatmaq bilmirsən. Hamı belədir. Valideynlərim üçün darıxmışam artıq. Çoxdandır üzlərini görmürəm, açığı, heç bilmirəm necədirlər — dəyişiblər, yoxsa əvvəlki kimidirlər?
Qaranlıqda çıxıram evdən, qaranlıqda da qayıdıram.
Xocəsəndə qalıram. Sosial binalar deyirlər adına. Amma hazırda mənə sosial yardım düşür. Saat 06:30-da evdən çıxıram ki, saat 09:00-dakı işimə çatım. Bunun üçün səhər saat 05:00-da yuxudan qalxıram. Dan yeri hələ sökülməyib.
Həyatı sorğulamağa belə vaxtım yoxdur. Tez hazırlaşıb, yarı ac, yarı yuxulu çıxıram evdən. Əvvəllər həm dərslərdə, həm də işdə məni nümunə çəkərdilər:
“Safura uzaqdan gəlir, amma hamıdan tez çatır”.
İndi zəmanə dəyişib.
İndi mən işə 45-50 dəqiqə gecikirəm. Oturmaq qalsın bir yana, avtobusa minib-minməyəcəyim belə sual altındadır. Yolda artıq yoruluram. İndi “Formula 1” yarışları da başlayır. Yollarda bəzi istiqamətlər dəyişib. Bir bu çatmırdı.
Bəs sonra məndən nə gözləyirsiniz?
Hansı yaradıcı beyindən, hansı innovasiyadan, hansı inqilabdan, hansı gənclik enerjisindən, hansı sağlam düşüncədən söhbət gedə bilər? Bu gün mən daha yaşlıyam. Psixologiyam da pozulub. Şəxsi həyatım da yoxdur.
Necə olsun?
Hara çıxa bilirəm? Kimləsə görüşməyə hansı üzlə gedim? Günün yarısını yolda keçirən adamın nə sosial həyatı qalar, nə ailəsinə, nə dostlarına, nə də özünə ayırmağa enerjisi. Və sonra deyirik ki, dövlətin gələcəyi gənclərdir.
Bu gənc nəslə bu qədər yük yükləməyin. Gələcəyin məsuliyyətini daşımaq üçün əvvəlcə bu günün içindən sağ-salamat çıxmaq lazımdır. Biz isə günü zorla yola veririk.
Belə vəziyyətdə gələcəyi necə daşıyaq?
Əlqərəz, vaxtilə metrodan şikayət etdiyim günlərdən, yazdığım yazılardan peşmanam.
Çünki bunun qışı da var, ay camaat.
Qışda nə edəcəyik?
İndi heç olmasa avtobusun içində dayanmağa ümid edirik. Qışda yağışda, küləkdə, soyuqda nə edəcəyik? Yenə səhər saat 05:00-da qalxıb, qaranlıqda evdən çıxacağıq, axşam qaranlıqda qayıdacağıq?
Nə edək?
Gedib yaxın rayonlarda qalaq?
Üç saat üç dəqiqəyə gəlib-gedərəm elə…
Ən pis tərəfi isə budur ki, aidiyyəti qurumlar, ekspertlər, qərar verənlər bu problemin qarşısında nə edəcəklərini bilmirlər. Sən bilmə, mən bilməyim — kim əncam çəksin bu işə?
Bir şəhərin nəqliyyat problemi artıq təkcə nəqliyyat problemi deyil.
İnsanların itirdiyi vaxtıdır. Əsəbidir. Sağlamlığıdır. Ailəsidir. Şəxsi həyatıdır. Və ən əsası, gələcəyidir.
Çətin günlər geridə qaldı, indi bizi daha betər günlər gözləyir.

Safura Bənnayeva
Globalinfo.az