1015363 src


Venesuela hökuməti ölkənin Mərkəzi Bankına məxsus qızıl ehtiyatlarının Nyu-York Federal Ehtiyat Bankına köçürülməsi ilə bağlı razılaşmaya yaxınlaşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.

Nəşrin məlumatına görə, hazırda dəyəri təxminən 4 milyard dollar olan Bolivar Respublikasının qızıl ehtiyatları İngiltərə Bankında saxlanılır.

Müzakirə olunan razılaşmanın şərtlərinə əsasən, Venesuelanın prezident səlahiyyətlərini icra edən Delsi Rodriqesin müvəqqəti hökuməti qızıl ehtiyatlarına hüquqi nəzarəti həyata keçirəcək. Lakin hökumət bu qızılı dərhal satmaq imkanına malik olmayacaq.

Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, ölkəsi Venesuela qızılına kimin nəzarət etməli olduğunu müəyyənləşdirən tərəf deyil.

İngiltərə Bankından isə “Reuters” agentliyinə bildirilib ki, mübahisənin həlli üçün tərəflər Britaniya məhkəməsinə müraciət etməlidirlər.

Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges avqust ayında hakimiyyətin təxminən 4 milyard dollar dəyərində qızıl ehtiyatlarının geri qaytarılmasına diqqət yetirmək istədiyini açıqlayıb. Onun sözlərinə görə, bu addım ölkədə aylıq inflyasiyanın 20 faizə çatması fonunda xüsusilə əhəmiyyətlidir.

“Reuters” qeyd edir ki, İngiltərə Bankı uzun müddət öz anbarlarında saxlanılan təxminən 31 ton Venesuela qızılını qaytarmaqdan imtina edib. Buna səbəb bankın prezident Nikolas Maduronun hökumətinin legitimliyini tanımaması olub.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: