4be4eb82fa4a6ffe66c43115113f6cef

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri bir araya gəlib. Qazaxıstanda isə Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclası keçirilib.

Bu görüşlər Türk dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndiyini göstərir. Təşkilatın inkişafında Azərbaycanın və Prezident İlham Əliyevin fəaliyyəti də xüsusi diqqət çəkir. Türk dünyasının birləşdiyi əsas nöqtələrdən biri Azərbaycandır.

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, TDT yarandığı ilk dövrlərdən etibarən onun yalnız simvolik xarakter daşıyacağı ilə bağlı fikirlər səsləndirilirdi:

“Artıq bu fikirlər öz təsdiqini tapmır. Çünki təşkilat getdikcə güclənir, təşkilatlanır və təşəkkül tapır. Müxtəlif istiqamətlər üzrə inkişafın şahidi oluruq.

TDT 2021-ci ildə formalaşmazdan əvvəl, 2009-cu ildə Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təsis edilib. Bu da Azərbaycanın təşəbbüsü və Prezident İlham Əliyevin rəhbərliyi ilə irəli sürülən təşəbbüs idi.

İkinci Qarabağ müharibəsindəki Zəfərdən sonra Türk dünyasını birləşdirəcək gücə çevrilən Azərbaycana ən yaxın dəstəyi Türkiyə verdi. Bu proses TDT-nin əməkdaşlıq şurasından daha geniş fəaliyyət imkanlarına malik təşkilata çevrilməsinə gətirib çıxardı.

xeyal besirov
Xəyal Bəşirov

Təşkilat yarandıqdan sonra dövlət başçıları, xarici işlər nazirləri, dini qurumların rəhbərləri, təhlükəsizlik xidmətlərinin rəhbərləri səviyyəsində görüşlər keçirildi. Bu, təşkilatın yalnız simvolik deyil, həm də real əməkdaşlıq platformasına çevrildiyini göstərir.

Artıq görürük ki, qısa müddət ərzində dini qurumların rəhbərlərinin, daha sonra dövlət təhlükəsizliyi qurumlarının rəhbərlərinin və təhlükəsizlik şuraları katiblərinin görüşləri keçirilib. Hesab edirəm ki, qarşıda böyük planlar dayanır. Xüsusilə belə görüşlərdən sonra yeni yol xəritələri və fəaliyyət istiqamətləri müəyyənləşdirilir.

Üzv ölkələr birgə təlimlər keçirirlər. Fikrimcə, bu, təşkilat başqa güclərə qarşı yaradılmasa da, mövcud olduğu regionda yarana biləcək təhdidlərə qarşı fəaliyyət göstərmək imkanlarına malik olduğunu nümayiş etdirir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: