Dağıstanda “yəhudi ovu”nun səbəbi nədir? – “Təkcə Azərbaycanda deyil…”

Xəbər verdiyimiz kimi, Dağıstanın paytaxtı Mahaçqaladakı hava limanında xaos yaşanıb. Belə ki, yerli sakinlərdən ibarət böyük qrup əraziyə toplaşaraq İsraildən enən təyyarədə və digər nəqliyyat vasitələrində yəhudi axtarışına başlayıblar. Onlar yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb ediblər.

Kaspiysk və Mahaçqalada polis nəzarəti gücləndirilib. Hava limanında iğtişaşlar törədən 510 nəfərin şəxsiyyəti müəyyənləşib. Onların arasında səfərbərliyə cəlb olunan, axtarışda olan şəxslər var. Müvafiq qurumlar 17 provokatorun da kimliyini müəyyən edib.

Maraqlıdır, Dağıstanda yəhudilərə bu münasibətin tarixi əsası varmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Fuad Çıraqov deyib ki, Dağıstan, Qafqaz dağları yəhudilər üçün minillər boyu sığınacaq yerlərindən biri olub:

“Yəni onlar təkcə Azərbaycanın Quba bölgəsində yaşamayıblar. Dağıstanda da yəhudilər əsrlər boyu sülh içində və təhlükəsiz ömür sürüblər. Avropadan fərqli olaraq onlar bu regionda təqib edilməyiblər.

Şərqi və Qərbi Avropada yüz illər boyu yəhudilər qırğına və təqiblərə məruz qalıblar. Bu, insanlıq adına utanc və faciələr tarixidir. Onlara daşınmaz mülk və torpaq sahibi olmağa icazə verilmirdi, nəsə xəstəlik və bəla gələndə onları günahlandırıb qırırdılar. Məsələn, milyonlarla insanı qıran taun pandemiyasının səbəbini onlarda görürdülər.

Bu gün dünyanın onlar tərəfindən guya gizli idarə edilməsi haqqında müxtəlif konspirasiya nəzəriyyələri və ideyaları yenə Qərbdə istehsal edilib. Bütün anti-semit ideyalar Qərbdə istehsal edilib, mənbəyi oradır.

Fuad Çıraqov 

Misal üçün “David ulduzu” yəhudilərin simvolu olmayıb. Orta əsrlərdə Avropa gettolarında yaşayan yəhudilər bu ulduzu daşımağa məcbur edilirdilər. Halbuki bu Şərq ornamentini Şirvanşahlar sarayında, eləcə də digər orta əsr müsəlman saraylarında, məscidlərində görmək mümkündür.

Yəhudilər Şərqdə təkcə bizdə deyil, bütün müsəlman dünyasında rahat yaşayıb. Osmanlı sultanı onları İspaniyada qırğınlardan xilas edib, öz ərazisində yerləşdirib. Yəhudilər Buxara və Səmərqənddə Əmir Teymurun xüsusi himayəsində olub. Müsəlman hökmdarların şəxsi həkimləri və xəzinədarları olublar. İslam coğrafiyalarında yəhudilər Əhli-kitab sayılırdılar və heç kim onları dininə görə təqib etmirdi. Sonra onlar yəhudilərdən canını qurtarmaq üçün gətirib dövlət yaratdılar, müsəlmanlarla üz-üzə qoydular, bir-birinə qırdırdılar. Dağıstanda baş verən olaylar da yenə bunun bir nümunəsidir”.

Turan Rzayev
Globalinfo.az