turk dovletleri 12 900x386 1

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv, müşahidəçi dövlətlərin təhlükəsizlik şuralarının rəhbər şəxslərini qəbul etməsi Türk dünyasının inteqrasiyası və regional təhlükəsizlik arxitekturasının formalaşması baxımından strateji əhəmiyyət kəsb edən bir addımdır. Bu görüşün və dövlət başçısının toxunduğu əsas məqamların hüquqi, siyasi və geostrateji baxımdan qiymətləndirilməsi bir sıra prioritet istiqamətləri əhatə edir”.

Bu sözləri Globalinfo.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etməsi haqda danışarkən deyib.

Deputat bildirib ki, ilk növbədə TDT-nin artıq mədəni-humanitar əməkdaşlıq platformasından sülh və əməkdaşlığın, o cümlədən bəşəri niyyətlərin keşiyində duran hərbi-siyasi və təhlükəsizlik blokuna doğru təkamülü artıq zamanın tələbidir:

“Eyni zamanda qlobal geosiyasi qeyri-müəyyənliklərin və təhdidlərin artdığı müasir dövrdə təhlükəsizlik şuraları katiblərinin və rəhbərlərinin bir araya gəlməsi institusional əlaqələrin daha sistemli xarakter aldığını göstərməklə təhlükəsizlik sahəsində informasiya mübadiləsi, kiberhücumlar, terrorizm, qanunsuz miqrasiya və transmilli cinayətkarlıqla birgə mübarizə mexanizmlərinin yaradılması təşkilatın daxili dayanıqlılığını gücləndirir.

behruz meherremov 13 900x600 1
Bəhruz Məhərrəmov

Məlumdur ki, türk dövlətlərinin yerləşdiyi coğrafiya mühüm ticarət və logistika dəhlizlərinin, xüsusilə Orta Dəhlizin  üzərindədir və bu mənada nəqliyyat, energetika və kommunikasiya xətlərinin təhlükəsizliyinin təmin edilməsi birbaşa milli təhlükəsizlik məsələsidir. Bu baxımdan, təhlükəsizlik strukturlarının koordinasiyalı fəaliyyəti regional iqtisadi layihələrin fasiləsizliyini və risklərdən sığortalanmasını təminat altına alır.

Aydındır ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə və suverenliyini tam bərpa etməsi Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu təcrübəni formalaşdıran bir lider olaraq ölkə başçımızın təhlükəsizlik rəhbərləri ilə görüşdə vurğuladığı məqamlar həm də regionda dayanıqlı sülhün qorunması, kənar müdaxilələrin neytrallaşdırılması və Türk dünyasının vahid güc mərkəzinə çevrilməsi mesajını ehtiva edir. Qeyd edilənlər fonunda əminliklə demək mümkündür ki, türk dövlətlərinin ortaq maraqlar çərçivəsində beynəlxalq platformalarda vahid mövqedən çıxış etmək iradəsini göstərən bu qəbul və aparılan müzakirələr TDT-nin gələcəkdə yalnız regional deyil, qlobal miqyasda söz sahibi olan, üzv ölkələrin suverenliyini və təhlükəsizliyini qarşılıqlı dəstək əsasında təmin edən ciddi bir güc mərkəzinə çevrilməsi strategiyasının tərkib hissəsidir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: