ehali

ABŞ və Türkiyədə faiz siyasəti ilə bağlı atılan addımlar yenidən müzakirələrə səbəb olub. Belə ki, ABŞ-da prezidentin faizlərin endirilməsi ilə bağlı təzyiqinə baxmayaraq, Federal Ehtiyat Sistemi (FED) sentyabrın 16-da uçot dərəcəsini 3,75-4 faiz aralığına yüksəldib. Türkiyədə isə 2021-ci ildə faizlərin ardıcıl 5 faiz bəndi endirilməsindən sonra inflyasiya kəskin artaraq 2022-ci ilin sonunda 64 faizdən çox olub.

ABŞ və Türkiyənin təcrübəsi nə göstərir? Mərkəzi Bank siyasi təsirdən tam müstəqil olmalıdırmı? Azərbaycanda faiz qərarları hansı prinsiplərlə qəbul edilir? Azərbaycan Mərkəzi Bankın (AMB) qərarları adi vətəndaşın cibinə necə təsir edir: kreditlər, əmanətlər, dollar və qiymətlər baxımından ölkəmizi nə gözləyir?

Globalinfo.az-a danışan iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynova deyib ki, geosiyasi gərginlik fonunda inflyasiyanın sürətlənməsi, dolların zəifləməsi, həmçinin ABŞ-ın Rusiya, İran və Çinlə bağlı tətbiq etdiyi iqtisadi sanksiyaların qlobal iqtisadiyyata təsiri ilk növbədə ölkələrin milli valyutalarına təsir göstərir:

“Qardaş ölkədə vəziyyət bir qədər fərqlidir. Türkiyə Mərkəzi Bankının faiz dərəcəsini 19-dan 14 faizə endirməsi təkcə milli valyutanın qorunması ilə kifayətlənmir. Faizlərin endirilməsi kreditlərə yox, sadəcə əmanət faizlərinə aiddir. Depozit faizlərinin aşağı salınması və vəsaitlərin kütləvi şəkildə çıxarılması bazarda qızıl, fond və səhm kimi yatırım vasitələrinə investisiyanı artırır. Əvvəlki illərdə TMB-nin ümumi olaraq faizləri endirməsi aşağı kredit faizlərindən yararlanan vətəndaşların əmlak sektoruna yönəlməsinə səbəb olub. Nəticədə likvidlik pozulub və nağd pul çatışmazlığı yaranıb”.

gunay 900x600 1

Günay Hüseynova

İqtisadçı bildirib ki, Türkiyə iqtisadiyyatı idxaldan asılıdır:

“Dövlət büdcəsi gəlirlərinin əsaslı hissəsi ixrac və vergilər hesabına formalaşır.  Azərbaycan iqtisadiyyatı ilə hər iki ölkənin iqtisadi siyasətini müqayisə etsək, ölkəmizdə uçot dərəcəsi 6,5 faiz, aşağı faiz həddi 5,5 faiz, yuxarı hədd isə 7,5 faizdir. Bu il üçün inflyasiyanın səviyyəsi ümumilikdə 5,7 faiz, digər sahələrdə isə 6,4 faizdir. İqtisadiyyatımızda inflyasiya sürətlənsə də, ümumi iqtisadi vəziyyət stabildir. Bu, ilk növbədə milli valyutanın sabitliyi və əsasən neftdən əldə olunan gəlirlər hesabına təmin olunur. Azərbaycan iqtisadiyyatı üçün o zaman təhlükəli vəziyyət yaranar ki, gəlirlər sabit olduğu halda inflyasiya ikirəqəmli səviyyəyə çatsın. Xarici investisiyalar, neft və qeyri-neft sektorunun gəlirləri hesabına növbəti ildə inflyasiyanın sürəti azaldıla bilər.

Mərkəzi Bankın siyasi təsirdən tam müstəqil olması məsələsinə gəldikdə isə, bu, mümkün deyil. Qlobal iqtisadiyyat bir-biri ilə qarşılıqlı əlaqədədir. Məsələn, ABŞ-ın hansısa ölkəyə tətbiq etdiyi sanksiya həmin ölkənin milli valyutasının dəyərdən düşməsinə səbəb ola bilər. Digər tərəfdən, həmin ölkənin valyutasının başqa ölkədə dəyərli qalması mümkünsüzdür. Əsas ticarət əməliyyatları dollar, avro, funt-sterlinq və digər beynəlxalq valyutalar üzərindən aparılır. Buna görə də Mərkəzi Bankların siyasi təsirdən tam müstəqil olması imkansızdır”.

Ekspert qeyd edib ki, kreditlər, əmanətlər, dollar və qiymətlər baxımından Azərbaycanı gözləyən ssenarini ayrı-ayrılıqda dəyərləndirmək lazımdır:

“Kreditlərin faizləri AMB-nin qərarlarına, daha dəqiqi, uçot faiz dərəcəsinə əsasən dəyişir. Azərbaycan iqtisadiyyatında cari dövrdə sabitlik olduğu üçün kredit faizlərinin artımı gözlənilmir. Əmanətlər üzrə dəyişikliklərə gəldikdə, uçot dərəcəsindəki dəyişiklik birbaşa təsir göstərə bilər. Bankların daxili faiz siyasətindən asılı olaraq əmanət faizləri 7-12 faiz arasında dəyişir. Əslində, kredit faizlərinin aşağı salınması ilə depozit faizləri arasındakı fərqin cüzi olması ölkə iqtisadiyyatının inkişafına dəstəkdir.

Dollar hazırda 1,70 AZN nisbətindədir. Ölkəmizdə devalvasiya və milli valyutanın dəyərdən düşməsi orta və uzunmüddətli dövrdə neft qiymətlərinin kəskin enməsi və ya qlobal böhran zamanı baş verə bilər. Qiymətlər əsasən inflyasiya sürəti və qlobal bazarda baş verən qiymət artımları ilə əlaqədardır. İnflyasiya həddi o zaman aşağı düşə və qiymətlər uzun müddət sabit qala bilər ki, daxili bazarın tələbatının 85-90 faizi bütün sahələr üzrə yerli istehsal hesabına ödənilsin və idxalın payı azalsın. Qlobal iqtisadiyyatda gərginlik və dollardan qaynaqlanan inflyasiya ümumi fonda idxaldan asılı olan hər bir ölkənin iqtisadiyyatına təsir göstərərək qiymətlərin yüksəlməsinə şərait yaradır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: