Gemini Generated Image x3wa41x3wa41x3wa

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Azərbaycanla münasibətlərdəki böhranın aradan qaldırıldığını və bundan sonra ikitərəfli əməkdaşlığın inkişaf etdirilməli olduğunu bildirib.

Şoyqu qeyd edib ki, indi qarşıda duran ortaq vəzifə liderlər səviyyəsində əldə olunmuş razılaşmalara uyğun olaraq, RusiyaAzərbaycan əməkdaşlığının davamlı inkişafını təmin etməkdən ibarətdir. Onun sözlərinə görə, Rusiya tərəfi Azərbaycanla münasibətlərin ikitərəfli hüquqi baza, o cümlədən ən yüksək səviyyədə imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə, eləcə də mehriban qonşuluq və tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinin tərəfdarıdır.

“Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bu istiqamətdə birgə fəaliyyətin həyata keçirilməsinin tərəfdarı kimi çıxış edib”, – deyə Şoyqu əlavə edib.

Globalinfo.az-a danışan politoloq Azad Məsiyev bildirib ki, Rusiya Azərbaycanın əbədi və əzəli qonşusudur:

“Rusiya ilə Azərbaycan arasında münasibətlərin yaxşı olması üçün iki ölkənin dövlət başçıları 2022-ci il fevralın 22-də 43 maddədən ibarət Moskva Bəyannaməsini imzalayıblar. Bəyannamənin hər bir maddəsi iki ölkə arasında münasibətlərin inkişafına hesablanıb. Ümumilikdə, iki ölkənin münasibətlərinin yaxşı olması qarşılıqlı maraqlara uyğundur.

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri, Bakıda Prezident İlham Əliyevlə gəzintiyə çıxması və onun şərəfinə rəsmi qonaqlıq verilməsi iki dövlət arasında münasibətlərin yaxşı olduğunu göstərirdi. Həmçinin dövlət başçıları arasında dostluq münasibətləri mövcuddur.

azad mesiyev
Azad Məsiyev 

AZAL-a məxsus təyyarənin Qroznı səmasında vurulması dövlətlərarası münasibətlərdə soyuqluq yaratdı. Kütləvi informasiya vasitələrində qarşılıqlı tənqidi çıxışların şahidi olduq. Bununla belə, Rusiya tərəfi məsuliyyəti üzərinə götürdü. Rusiya Prezidenti zəng edərək Prezident İlham Əliyevdən üzr istədi.

Dövlət başçısının sonrakı açıqlamaları da deməyə əsas verir ki, Bakı münasibətlərin gərginləşməsində maraqlı deyil. Bu gün də münasibətlərin normallaşdığını demək mümkündür”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: