ocalan

PKK terror təşkilatının lideri Abdullah Öcalan Silahsızlanma və Strateji Koordinasiya Alt Komitəsində fəaliyyət göstərəcək. Bunu Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum jurnalistlərə açıqlamasında bildirib.

O, İmralı həbsxanasının ərazisindəki yaşayış yerinə əlavə bölmənin tikildiyini vurğulayaraq, bunun Öcalanın prosesdəki rolunu yerinə yetirməsi üçün yaradılan imkan olduğunu qeyd edib.

Uçum bu addımın “Öcalan azadlığa buraxıldı” kimi şərh edilməsinin doğru olmadığını bildirib: “Bu, Öcalanla aparılan dialoq prosesidir. Məqsəd terror təşkilatının məhv edilməsini təmin etməkdir”.

Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, PKK terror təşkilatı Türkiyənin ən ciddi təhlükəsizlik problemlərindən biri olub:

“Türkiyəyə düşmən olan ölkələr hər zaman öz maraqları naminə bu təşkilatdan istifadə etməyə çalışıblar. Təşkilatın silahlanması və maliyyələşməsi xaricdən gəlir. Uzun müddət PKK Türkiyə üçün ciddi təhlükə və başağrısı olub. Bu qruplaşmanın törətdiyi terror aktları nəticəsində yüzlərlə Türkiyə vətəndaşı həyatını itirib.

Problemin həlli istiqamətində danışıqlar başladı. Öcalanla aparılan danışıqlar bu gün öz bəhrəsini verir. Əvvəlki terror təhlükələrinin qarşısı alınıb. Hesab edirəm ki, Türkiyə hökuməti effektiv model tapıb. Problemin aradan qaldırılması üçün bu model daha da təkmilləşdiriləcək və onun həllinə töhfə verəcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: