“Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət kəsb edir”.
Globalinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən danışıb.
Prezident bildirib ki, döyüşən tərəflər arasında qarşılıqlı düşmənçilik açıq xarakter alır və bu, münaqişələrin coğrafiyasının genişlənməsinə səbəb ola bilər.
“Döyüşən tərəflər arasında qarşılıqlı düşmənçilik açıq xarakter alır. Bütün bunlar ölkələrimizin perimetri boyunca mövcud olan münaqişələrin coğrafiyasının genişlənməsinə səbəb ola bilər və prinsipcə, səbəb də olur. Hazırkı vəziyyətdə də, Azərbaycan haqqında danışsaq, həm şimalda, həm də cənubda qonşularımız müharibə aparan ölkələrdir. Bu kontekstdə də, əlbəttə ki, regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət kəsb edir.
Artıq dediyim kimi, bunlar olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Bu kontekstdə dövlət təhlükəsizliyinə cavabdeh qurumların fəaliyyətinin əlaqələndirilməsi, məlumat mübadiləsi, operativ məlumat mübadiləsi, birgə fəaliyyət və mövcud təhdidlərə qarşı mübarizədə, ən başlıcası isə mümkün təhdidlərin qarşısının alınmasında və profilaktikasında koordinasiyanın gücləndirilməsi, hesab edirəm ki, hamımız üçün həyati əhəmiyyət daşıyır”, – Prezident İlham Əliyev deyib.