xana me

İctimaiyyətdə toylarda meyxananın qadağan ediləcəyi haqda xəbərlər yayılıb. Səbəb kimi zaman-zaman meyxana deyilmələrində rast gəlinən qeyri-etik ifadələr, təhqirlər, davalar göstərilir.

Belə bir qərar verilə bilərmi və ya verilməlidirmi?

Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, bu məsələlərə münasibət bir qədər fərqli olmalıdır:

“Problemləri qadağa yolu ilə həll etmək düzgün yanaşma deyil. Əgər hansısa qeyri-etik məqamlar varsa, onlara münasibət bildirilməli və həmin hallar ayrıca tənzimlənməlidir. Məsələn, bütövlükdə meyxananı qadağan etmək əvəzinə, toylarda israfçılığın qarşısının alınması üçün müəyyən məhdudiyyətlər tətbiq oluna, süfrəyə üç növdən artıq yeməyin verilməməsi kimi qaydalar müəyyənləşdirilə bilər. Çünki stolun üzərinə həddindən artıq təamın düzülməsi insanların sağlamlığı baxımından da problem yarada bilər”.

Deputat bildirib ki, bu cür xırda məsələləri qadağalarla həll etməyə çalışmaq düzgün deyil:

Bu gün meyxana qadağan edilərsə, sabah pop musiqisi, daha sonra türk mahnıları və digər məsələlərlə bağlı da qadağalar gündəmə gətirilə bilər. Kim istəyirsə, toyunda meyxana səsləndirsin. Bu, insanların zövqü ilə bağlı məsələdir. Əslində, toylarda bu cür böyük xərclərin və israfın olması meyxanadan daha ciddi mənəvi və sosial problemlər yaradır. Buna görə əsas diqqət toyların məsrəflərinin azaldılmasına və insanların maddi yükünün yüngülləşdirilməsinə yönəldilməlidir. Məncə, daha optimal yanaşma budur”.

Ləman İmran
Globalinfo.az

Paylaş: