mekteb 219

Yeni dərs ilinin başlaması ilə məktəblərin qarşısında yaranan nəqliyyat sıxlığı yenidən gündəmə gəlib. Övladlarını məktəbə şəxsi avtomobillə aparan valideynlərin yaratdığı sıxlıq, xüsusilə səhər saatlarında, bəzi ərazilərdə hərəkəti çətinləşdirir. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən də valideynlərə dayanma-durma qaydalarına əməl etmələri ilə bağlı xəbərdarlıq edilib. Lakin məsələnin yalnız qayda pozuntusu və xəbərdarlıqla həll olunması çətin görünür.

Globalinfo.az-a danışan Qəza Əleyhinə Sürücülük Kurslarının məşqçisi Aqil Rəhimov deyib ki, xüsusilə 15 sentyabr çətin gün olacaq:

“Amma bu çətin günü nisbətən asanlaşdırmaq üçün valideynlər bir qədər diqqətli olmalıdırlar. İş orasındadır ki, uşaqları, xüsusilə də birinci sinif şagirdlərini məktəbə gətirəndə kütləvi şəkildə qohumlar da gəlirlər. Ata-ana bir maşında, əmi-dayı başqa maşında, nənə-baba isə başqa maşında məktəbə gəlir. Yaxşı olardı ki, bir maşınla gəlsinlər və yaxud avtobusdan istifadə etsinlər”.

A.Rəhimovun fikrincə, hər il olduğu kimi, yol polisi də yeni tədris ilinin başlaması ilə əlaqədar məktəblərin yanındakı piyada keçidlərində növbə çəkəcək, insanların keçməsinə kömək edəcək:

“Məktəblərin yanında bu dəfə güclü nəzarət olacaq. Yalnız insanlar imkan daxilində 15 sentyabrda uşaqları maşınla məktəbə gətirməsinlər. Gətirirlərsə də, bir maşınla gətirsinlər və avtomobili bir qədər məktəbdən uzaqda saxlasınlar ki, ətrafdakılara narahatlıq yaratmasın, yol hərəkəti qaydalarını pozmasın. Yollarda hərəkətin nisbətən rahatlaşdırılmasının variantı budur”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: