retkliff

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff ABŞ-ın Rusiya və Ukrayna ilə apardığı danışıqlarda daha fəal rol ala bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Retkliff Moskva ilə Kiyev arasında aparılan diplomatik təmaslara qoşula bilər. Hazırda bu istiqamətdə danışıqları ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner aparır.

Retkliff bununla yanaşı, Rusiya və Ukraynanın xüsusi xidmət orqanlarının nümayəndələri ilə əlaqələrini davam etdirəcək. ABŞ prezidenti Donald Trampın danışıqlar heyətinin tərkibində dəyişikliklərlə bağlı hələ yekun qərar vermədiyi bildirilir. Ağ Ev və Mərkəzi Kəşfiyyat İdarəsi məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Gözləntilərə görə, Uitkoff ABŞ prezidentinin sülh məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsini qoruyacaq və Retkliff ilə paralel olaraq Ukrayna istiqamətində fəaliyyətini davam etdirəcək. “Financial Times”ın məlumatına görə, iki diplomat arasında səlahiyyət bölgüsü uğrunda rəqabət yaranıb.

Cared Kuşner isə Ukrayna məsələsindəki fəaliyyətini azaltmaq və Qəzza, eləcə də ABŞ-la İsrailin İranla qarşıdurması ətrafında diplomatik səylərə fokuslanmaq niyyətindədir. Ukraynalı rəsmilər isə Kiyevin bütün amerikalı nümayəndələrlə işgüzar münasibətlər saxladığını və onlardan hər hansı birinə üstünlük vermədiyini bildiriblər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: