rusiya ukrayna 900x506 2

ABŞ Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün diplomatik səyləri yenidən intensivləşdirib. Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşnerin son günlər əvvəlcə Moskvada Rusiya Prezidenti Vladimir Putin, daha sonra isə Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşlər Vaşinqtonun tərəfləri yenidən danışıqlar masasına qaytarmaq cəhdlərinin gücləndiyini göstərir.

ABŞ nümayəndələrinin Putinlə üç saatdan çox davam edən görüşündə müharibənin başa çatdırılması üçün mümkün yollar müzakirə olunub, tərəflərə bir sıra təkliflər təqdim edilib. Ardınca Kiyevdə Zelenski ilə keçirilən görüşdə də danışıqların bərpası, atəşkəs və müharibənin siyasi yolla başa çatdırılması məsələləri müzakirə edilib.

Son diplomatik təmaslar həqiqətən Rusiya və Ukraynanı sülhə yaxınlaşdırıb, yoxsa Vaşinqtonun yeni vasitəçilik cəhdi də əvvəlkilər kimi tərəflərin fundamental fikir ayrılıqları qarşısında dayanacaq?

Globalinfo.az-a danışan politoloq Tamilla Qulami deyib ki, son təmaslar ABŞ-ın Rusiya ilə Ukraynanı birbaşa barışdırmaqdan daha çox, tərəfləri yenidən danışıqlar masasına qaytarmağa və mərhələli şəkildə siyasi razılaşma üçün zəmin yaratmağa çalışdığını göstərir:

“Vaşinqtonun nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin əvvəlcə Moskvaya, ardınca Kiyevə səfəri məhz bu məqsədə xidmət edib. Görüşlərdən sonra ABŞ tərəfi müəyyən irəliləyiş və yeni ideyaların müzakirə olunduğunu bildirsə də, hələlik müharibəni dayandıracaq yekun sülh sazişi və ya əsas məsələlər üzrə konkret kompromis əldə edilməyib. Bununla belə, Moskva da Ukrayna-ABŞ-Rusiya tandemində üçtərəfli danışıqların bərpasını istisna etmir.

ABŞ-ın hazırkı diplomatik fəallığını Rusiya və Ukraynanı dərhal barışdırmaq cəhdi kimi deyil, müharibənin siyasi həlli üçün yenidən işlək danışıqlar mexanizmi yaratmaq strategiyası kimi qiymətləndirmək daha doğru olar.

Vaşinqton anlayır ki, tərəflərin mövqeləri xüsusilə ərazi məsələləri, Ukraynanın təhlükəsizlik təminatları və NATO ilə münasibətləri baxımından hələ də bir-birindən çox uzaqdır. Buna görə ABŞ indi yekun sülh müqaviləsindən əvvəl minimum razılaşmaların əldə edilməsinə çalışır.

Əslində, son təmasların mühüm nəticəsi tərəflər arasında diplomatik əlaqənin yenidən canlanmasıdır. Çünki ABŞ nümayəndələrinin həm Vladimir Putin, həm də Volodimir Zelenski ilə görüşməsi Vaşinqtonun hər iki tərəfin mövqeyini bir masa üzərində yaxınlaşdırmaq üçün vasitəçilik imkanlarını yoxlaması deməkdir”.

Tamilla
Tamilla Qulami

Politoloqun sözlərinə görə, hazırda əldə olunan əsas siyasi nəticə tam sülh deyil, danışıqların davam etdirilməsi və üçtərəfli formatın bərpası perspektivinin yaranmasıdır:

“Lakin burada mühüm bir məqam da var ki, diplomatik fəallığın artması tərəflərin fundamental məsələlərdə razılaşdığı anlamına gəlir. Rusiya hələ də öz strateji tələblərindən geri çəkildiyini göstərmir, Ukrayna isə ərazi güzəştləri və təhlükəsizlik məsələlərində əsla kompromisə hazır olmayacaq. Ukraynada prezident başqası olsa belə, kimsə işğal altında olan torpaqlarından imtina etməyəcək. Bu səbəbdən də hazırkı proses daha çox sülhə gedən yolun açılmasıdır, nəinki sülhün özünün əldə olunması mərhələsi.

ABŞ üçün əsas məqsədlərdən biri də müharibənin nəzarətsiz şəkildə uzanmasının qarşısını almaqdır. Vaşinqton həm Rusiyaya, həm də Ukraynaya göstərmək istəyir ki, hərbi yolla tam qələbə perspektivi getdikcə daha mürəkkəb olur və baha başa gəlir. Bu baxımdan etibarlı mənbə xəbərlərində də deyildiyi kimi, ABŞ-ın hazırladığı və müzakirə etdiyi sülh paketinin yalnız tərəflərin istəklərini uzlaşdırmaq deyil, həm də müharibənin intensivliyini azaltmaq, xüsusilə qarşıdakı qış dövründə enerji və mülki infrastruktur ətrafında humanitar-siyasi riskləri minimuma endirmək məqsədi daşıması ehtimalı yüksəkdir. Bununla belə, son günlərdə diplomatik görüşlərə paralel olaraq, hərbi əməliyyatların davam etməsi göstərir ki, proses hələ çox həssasdır. Çünki danışıqlar getsə də, müharibə dayanmır. Bu isə tərəflərin diplomatiyadan çox öz hərbi və siyasi mövqelərini gücləndirmək vasitəsidir.

ABŞ həqiqətən Rusiya ilə Ukraynanı siyasi razılaşmaya yaxınlaşdırmağa çalışır. Xüsusi ilə də Trampın dönəmində… Ancaq görünən bu ki, son təmaslarda əldə olunan əsas razılıq sülh müqaviləsi əsla deyil. İndiki mərhələ üçün əsas nəticə dialoqun yenidən aktivləşməsi, ABŞ-nin vasitəçilik rolunun güclənməsi və gələcək üçtərəfli danışıqlar üçün imkanın yaranmasıdır. Əgər növbəti mərhələdə tərəflər heç olmasa atəşkəs, enerji infrastrukturlarının qorunması və humanitar məsələlər üzrə qismən razılıq əldə edə bilsələr, bu, daha böyük siyasi sülh sazişinə aparan ilk real addım ola bilər. Hazırkı mərhələdə isə ABŞ sülhü imzalamır, sülh üçün mümkün platformanı formalaşdırmağa çalışır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: