Şimali Koreya lideri Kim Çen İn ölkənin Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsi istiqamətində yeni nailiyyətin səkkiz aydan sonra nümayiş etdiriləcəyini açıqlayıb.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
“Hazırda Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsi ilə bağlı mühüm planları həyata keçiririk. Səkkiz aydan sonra bunu dünyaya bir daha sübut edəcəyəm”, – Kim Çen İn bildirib.
Onun sözlərinə görə, planlara müasir döyüş gəmilərinin tikilməsi və istismara verilməsi, gəmiqayırma müəssisələrinin modernləşdirilməsi, Hərbi Dəniz Qüvvələrinin yenidən təşkili və yeni hərbi bölmələrin yaradılması daxildir.
Şimali Koreya lideri güclü donanmanın ölkənin müstəqilliyini və dəniz suverenliyini qorumaq üçün vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, Pxenyan 2021-ci ildə nüvə enerjisi ilə işləyən sualtı qayığın hazırlanması və tikintisini qarşıya məqsəd qoyub.