rusiya 2

Latviya və Litva Rusiya taxılının öz limanları vasitəsilə daşınmasına qadağa qoyulmasını nəzərdən keçirir.

Globalinfo.az xəbər verir ki, “Reuters”in məlumatına görə, Rusiya Qara və Azov dənizlərində Ukraynanın PUA hücumları səbəbindən taxıl ixracının bir hissəsini Baltikyanı ölkələrin limanlarına yönəldib.

Latviya hökuməti sentyabrın 8-də Rusiya taxılının ölkə limanlarından ixracının tam qadağan olunmasını müzakirə edəcək. Litva isə hələlik rəsmi qadağa elan etməyib. Bununla belə, ölkə rəsmiləri Rusiya taxılının ixracı üçün Litva limanlarından istifadənin qəbuledilməz olduğunu bildirirlər. Litvanın baş naziri Mindauqas Sinkyaviçyus Rusiya taxılının Litva infrastrukturundan istifadə etməklə ixracının ölkənin dəyərlərinə zidd olduğunu deyib. Onun sözlərinə görə, Rusiya ilə Kalininqrad arasında Litva ərazisindən tranzit davam edəcək. Latviya və Litva həmçinin Rusiyanın Ukraynanın işğal olunan ərazilərindən qanunsuz şəkildə taxıl çıxararaq Baltikyanı ölkələr vasitəsilə ixrac edə biləcəyindən narahatdır.

Latviyanın baş naziri Andris Kulberqs bildirib ki, Ukrayna tərəfi Rusiyanın belə taxılı yaxın vaxtlarda böyük həcmdə Baltikyanı ölkələr üzərindən ixrac etməyə hazırlaşdığı barədə məlumat verib. O, Kiyevlə əməkdaşlıq çərçivəsində qanunsuz əldə edilən taxılın tranzitinin qarşısını almaq üçün mexanizm hazırlanmasını tapşırıb. Məlumata görə, 2025-ci ilin iyulundan 2026-cı ilin iyununa qədər Rusiya Qara və Azov dənizlərindəki limanlardan 46,3 milyon ton taxıl ixrac edib. Bu, Rusiyanın dəniz yolu ilə ümumi taxıl ixracının 90 faizinə bərabərdir. Rusiya Taxıl İttifaqının hesablamalarına görə, cari mövsümdə Baltikyanı ölkələr vasitəsilə Rusiya taxılının ixracı 5–6 milyon tona çata bilər. Estoniya limanlarının da istifadə olunacağı təqdirdə bu rəqəmin 10 milyon tona yüksələcəyi gözlənilir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: